125 preparatdan imtina edildi
Qida Təhlükəsizliyi Agentliyində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 47-ci iclası keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Qazet.az-a verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla əlaqədar məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 1 adda aqrokimyəvi maddə və 8 adda pestisid, təkrar qeydiyyata alınan 17 adda aqrokimyəvi maddə və 62 adda pestisid olmaqla, ümumilikdə 88 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 75 adda pestisid olmaqla, ümumilikdə 91 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 57 adda (46 adda aqrokimyəvi maddə, 6 adda pestisid, 5 adda feromon tələ), təkrar qeydiyyat üçün 59 adda (4 adda aqrokimyəvi maddə, 55 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin ilkin qeydiyyat üçün müraciət olunmuş 2 adda (pestisid) və təkrar qeydiyyat üçün 7 adda (pestisid) preparatın təsiredici maddəsi agentliyin Kollegiyası tərəfindən təsdiqlənmiş 47 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 125 adda preparatla əlaqədar imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən dövlət qeydiyyatına alınmamış və vaxtı keçmiş preparatların qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.