13 yaşında ana olan qız və körpəsinin səhhəti ilə bağlı məlumat
TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.
Qazet.az-ın məlumatına görə, qurumdan bildirilib ki, 06.09-2022-ci il tarixində, saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.
Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qaynaq