Bakı 14˚C Sunny

20 qadın “Technest” çərçivəsində təlimə cəlb olunacaq

Multimedia 17:56 22 noy, 2022
20 qadın “Technest” çərçivəsində təlimə cəlb olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində Quba və Lənkəran şəhərlərindən 18-35 yaşlı 20 qadın "Full Stack” proqramlaşdırma proqramı üzrə peşəkar təlimlərə cəlb olunacaq.

Bu barədə Qazet.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, təlimlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Qara Dəniz Əməkdaşlıq Fondu (BST) ilə birgə “Coders Caravan” layihəsi üzrə keçiriləcək.

7 ay davam edəcək təlimlərdə iki peşəkar təlimçi və dörd mentor iştirak edəcək. İştirakçılar real layihələr üzərində çalışmaq, təcrübə qazanmaq imkanı əldə edəcək. Eyni zamanda iştirakçılar həftəsonları müxtəlif seminar və netvörkinq tədbirlərində iştirak edərək bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirəcəklər. Tədrisin sonunda tələbələr fərdi layihə işlərini təqdim edərək kursu müvəffəqiyyətlə bitirmək üzrə sertifikatlar əldə edəcəklər.

“Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib:’ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal savadlılıq sahəsində bir sıra önəmli layihələrin üzərində çalışır. Ümidvaram ki, “Coders Caravan” layihəsi regionlardakı xanımlara böyük stimul verməklə onların gələcəkdə İKT mütəxəssisi olaraq əmək bazarında işlə təmin olunmalarına böyük cığır açacaq”.

USAID-in Azərbaycandakı missiyasının Layihələrin İdarəolunması üzrə Mütəxəssisi Emin Məmmədli qeyd edib ki, “qadınların iqtisadi səlahiyyətləndirilməsi təşkilatın əsas prioritetlərindən biridir. Kişilərin çoxluq təşkil etdiyi bir sahə üzrə qadın mütəxəssislərin hazırlanması məqsədi daşıyan layihəyə dəstək olmaqdan məmnunuq”.