Bakı 22˚C Sunny

2022-ci ildə buğdanın qiyməti ilə bağlı proqnoz - VİDEO

Biznes 17:44 04 yan, 2022

Buğdanın qiymətinin qalxmasına təsir edən digər səbəb isə yük daşıma qiymətlərinin bahalaşması olub

2022-ci ildə buğdanın qiyməti ilə bağlı proqnoz - VİDEO

2021-ci ildə dünya ərzaq məhsulları bazarında ən çox bahalaşan məhsul buğda oldu və aparılan təhlillər qiymət artımının 2022-ci ilin ortalarına qədər davam edəcəyini göstərir.

Qazet.az REAL TV-yə istinadən bildirir ki, ilkin hesablamalara görə, ərzaq buğdası 2021-ci ildə 35 faiz bahalaşıb. 2020-ci ilin sonlarında dünya bazarında buğdanın bir tonu 250 dollara satıldığı halda, 2021-ci ilin noyabr ayında qiymət 330 dollara qalxıb və dekabr ayında 338 dollar olub. Halbuki 2019-cu ilin sonlarında hər ton üçün 180 dollar ətrafında dəyişirdi. Yəni dünya bazarında ərzaq buğdası son 2 il 4 ay ərzində 80 faizə qədər bahalaşıb. (QRAFIK 1)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı REAL TV-yə müsahibəsində buğdanın son 10 il üzrə ən çox bahalaşan ərzaq məhsulu olduğunu vurğulayıb. Onun sözlərindən belə aydın olur ki, buğdanın və digər taxıl məhsullarının bahalaşmasının məntiqi davamı olaraq, ət və süd məhsulları da bahalaşıb:

"Taxıl qiymətləri təxminən 24-25 faiz bahalaşıb. Ən pis də odur ki, taxılın o xüsusi növü buğda, hansı ki, ərzaqa üçün daha çox istifadə edilir. 2011-ci ildən, yən son 10 ilin ərzində ən yüksək həddə çatıb buğdanın qiyməti. Bundan əlavə ət və süd məhsullarının qiyməti təxminən 20 faiz böahalaşıb, yağların qiyməti dünyada 50 faiz bahalaşıb. Gördüyünüz kimi, bütün ərzaq növləri üzrə bahalaşma var".

Dünya bazarında buğdanın qiymətinin bahalaşmasının səbəbi aydındır. Əsas səbəb kimi bu il Avstraliya və Rusiyada baş vermiş quraqlıq göstərilir. İlkin proqnoz kimi, Rusiyanın bu il dünya bazarına təxminən 50 milyon tona yaxın taxıl çıxaracağı düşünülürdü, bunun da hardasa 40 milyon tona yaxını buğda olmalı idi.

Lakin 2021-ci ilin avqust ayında Rusiyada buğda yığımının ötən ilki templərdən 25 faiz geri qaldığı ortaya çıxdı. Moskva daxili bazarını qorumaq üçün buğdanın hər tonu üçün ixrac rüsumunu 70 dollara qədər qaldırdı. Həmçinin ölkədən buğda ixracına kvota tətbiq edildi.

Bu, dünya bazarına ciddi siqnal oldu. Çünki Rusiya illik 39,5 milyon ton buğda ixracı göstəricisi ilə dünya bazarının ən iri buğda ixracatçısıdır. Ondan sonra gələn Avropa İttifaqı hər il bazara 27,5 milyon ton, ABŞ və Kanada hər biri 27 milyon ton, Avstraliya isə 19,5 milyon ton buğda çıxarır.

Rusiyanın ixracı dünya üzrə 800 milyon tondan az olan buğda istehlakının təxminən 5 faizini təşkil edir. Bu ölkədən ixracın azalması Çin kimi böyük ərzaq ehtiyatları toplayan ölkələri hərəkətə keçirib və Çin bu il buğda idxalını 50 faiz artırıb. Pekin bütün ərzaq məhsullarının il yarımlıq ehtiyatını toplamaq qərarına gəlib ki, bu da bazarda ciddi ajiotaj yaradıb.

Buğdanın qiymətinin qalxmasına təsir edən digər səbəb isə yük daşıma qiymətlərinin bahalaşması olub.

"Bir konteynerin dünyada daşınma xərci 4 dəfə artıb 1 ilin ərzində. Çatdırılma müddəti 2 dəfə çoxalıb. Yəni bu obğyektiv bir prosesdir. Əgər mənə desəydilər 2021-ci il iqtisadiyyatını bir sözlə ifadə edim, mən bir dənə söz deyərdim - inflyasiya", - Vüsal Qasımlı deyib.

Sadalananlar Azərbaycan bazarına da birbaşa təsir göstərən amillərdir. Çünki Azərbaycan hər il 1,4 milyon tona yaxın ərzaq buğdası idxal edir. Elə 2021-ci ilin yanvar-noyabr aylarında da ölkəyə 1 milyon tondan çox buğda gətirilib. Bu həcmin ölkənin daxili bazarını cari aqrar ilin sonuna - 2022-ci ilin iyun ayına qədər nə səviyyədə təmin edəcəyi tam aydın deyil. Aydın olan odur ki, aqrar ilin sonuna istər-istəməz bazarda buğda qıtlığı yaranacaq. Bu da hazırda dünya bazarında hər ton üçün 340 dollara çatan qiymətləri bir qədər də artıracaq və ölkənin qida sənayesi bu çağırışa hazır olmalıdır.