400-dən çox gəncin təhsil haqqı ödəniləcək
Bakı Konqres Mərkəzində sosial həssas ailələrdən olan istedadlı gənclərin təhsil haqqı xərclərinin ödənilməsi üzrə Azərbaycan Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.
Gənclər Fondundan Qazet.az-a bildiriblər ki, görüşdə Elm və Təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Sədrinin müavini Adil Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qalib gələn gəncləri təbrik edərək, ölkədə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsinin vacibliyini və eləcə də gənclərin yeni cağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulmasının önəmini vurğulayıblar.
Çıxışçılar diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlətimizin başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir.
Tədbirdə qalib gənclərin təbrik və təəssürat videoları, infoqrafik videolar nümayiş edilib və qaliblərlə müqavilələr imzalanıb.
Qeyd edək ki, 2022-ci ildə keçirilən müsabiqə nəticəsində 431 gəncin təhsil haqqının Gənclər Fondu tərəfindən ödənilməsinə qərar verilib. Bununla da, son dörd ildə müsabiqə çərçivəsində təhsil xərcləri qarşılanmış tələbələrin sayı 1621 nəfərə çatıb. Seçimlər zamanı müraciətçinin sosial həssas kateqoriyaya aid olmasını təsdiq edən sənədlərlə yanaşı, təhsil göstəriciləri və ictimai fəallığı da əsas götürülüb.
Qaliblər sırasında yüksək təhsil göstəriciləri olan Vətən müharibəsi qaziləri, veteran övladları, valideynlərini itirmiş və valideynləri əlil olan gənclər də yer alıblar.
Nəticələr barədə Fondun rəsmi internet səhifəsi ilə (www.youthfoundation.az ) və GəncAPP mobil tətbiqi vasitəsi ilə məlumat əldə edə bilərsiniz.