Bakı 5˚C Mostly cloudy

5 dövlət xüsusi nümayəndələrini Bakıya göndərir

Gündəm 14:05 04 yan, 2023
5 dövlət xüsusi nümayəndələrini Bakıya göndərir

Azərbaycanın enerji sektoru 2022-ci ildə də sürətlə inkişaf etdi və tarixə önəmli hadisələrlə imza atdı. İl ərzində enerji təhlükəsizliyi qlobal gündəlikdəki ən vacib məsələlərdən oldu. Ölkəmizin Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində əməkdaşlığı daha mühüm əhəmiyyət kəsb etdi. 

Qazet.az xəbər verir ki, bu il fevralın 3-də Avropa İttifaqının 5 ölkəsi Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsini Bakıda təqdim etməsi gözlənilir. Bu layihə minimal vəsaitlə Azərbaycandan Avropaya daha böyük həcmdə təbii qazın dərhal nəqlinə imkan verəcək.

Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya da bu layihəyə qoşulub.

Roman Radevin qeyd etdiyi layihə keçən ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun icrası prosesinin təsdiqidir.

Sözügedən memorandum bu sahədə yeni, daha geniş əməkdaşlığın başlanğıcını qoydu.   

Həmin müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.

Ötən ildə Azərbaycan və Avropa İttifaqı arasında neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni və enerji səmərəliliyini nəzərdə tutan geniş enerji dialoquna başlandı. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə start verilib. Bərpaolunan enerji potensialı ilə bağlı ilkin qiymətləndirmə də aparılıb.

Qeyd edək ki, sözügedən memorandumdan öncə 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.