ABŞ Tokio və Seulla təhlükəsizlik üzrə əməkdaşlıq bəyanatının qəbulunu gözləyir
ABŞ administrasiyası ölkə Prezidenti Co Baydenin noyabrın 13-də Kambocada Yaponiyanın Baş naziri Fumio Kisida və Koreya Respublikasının Prezidenti Yun Sok Yol ilə görüşünün yekununda təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın gücləndirilməsi üzrə birgə bəyanatın qəbul ediləcəyini gözləyir.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin Misirdən Kambocaya uçan təyyarəsinin göyərtəsində keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib. Brifinq Ağ Evin saytında canlı yayımlanıb.
Sözügedən görüşün mümkün nəticələri barədə danışan C.Sallivan “Təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığı gücləndirməyi çox istərdik” deyib. Onun fikrincə, bu, regionda sülh və sabitliyi daha effektiv qoruyub saxlamağa imkan verərdi.
“Biz bu görüşün yekununda birgə bəyanatın olacağını gözləyirik. Belə bir nəticə əvvəlcədən müəyyən edilməyib, lakin mən bunu gözləyirəm”, - C.Sallivan əlavə edib.
Onun sözlərinə görə, bu sənəd üçtərəfli əməkdaşlığın yüksəldilmiş səviyyəsini şərtləndirə bilər. Amerika liderinin müşaviri vurğulayıb ki, ABŞ təhlükəsizlik sahəsində üçtərəfli əsasda qarşılıqlı fəaliyyət üçün maksimum imkanlar yaratmağa çalışır.