ADY: "Batumi istiqamətindəki yük platformaların yubanması aradan qaldırılıb"
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanmasını aradan qaldırıb.
Qazet.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə və iqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı deyib.
“Tranzit rejimi üzrə yükdaşımaların həcminin artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatın həcmi müəyyən edilmiş və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılıb. Buna əlavə olaraq əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılıb. Narazı yükgöndərənlərlə görüşlər keçirilib”, - N. Qafarlı qeyd edib
O bildirib ki, hazırda Gürcüstan Dəmir Yolu ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin Əməliyyatların idarəetmə sistemləri (ƏİS) və Orta müddətli Planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır: “Eyni zamanda Qazaxıstan Dəmir Yolunun da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır”.