ADY mülki müdafiə təlimi keçirib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda təlimlər keçirib.
ADY-dan Qazet.az-a verilən məlumata görə, Salyan dəmir yolu qovşağında baş tutmuş təlimdə ADY-nin Mülki müdafiə şöbəsi, Yük daşımaları departamenti, Həkim-Sanitar Xidməti, FHN Muğan Regional Mərkəzinin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak edib.
Təlimdə fövqəladə hal zamanı mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, qüvvələrin düzgün idarə edilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi və təhlili istiqamətində bilik və bacarıqlar təkmilləşdirilib. Eyni zamanda, qəza-xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən qüvvələrin fasiləsiz idarə olunması, fövqəladə vəziyyət yaranan zaman binaların, qurğuların, istehsalat anbarlarının, enerji təchizatının, habelə qəza, dağıntı, təbii fəlakətlər nəticəsində işçilərin təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi istiqamətində də yeni bilik və vərdişlər öyrədilib.
Təlim zamanı Salyan yanğından mühafizə qatarı, yükqaldırma qabiliyyəti 60 ton olan EDK-300 markalı dəmiryol kranı və bir sıra alət və avadanlıqlardan istifadə olunub.