Agentlik rəsmisi əlillik təyinatı ilə bağlı məsələlərə aydınlıq gətirib
Yeni qanunvericiliyə görə, 4 fərqli müddət üçün əlillik müddəti təyin edilə bilər
“Hazırda qüvvədə olan qanunvericilikdə əlillik təyinatı sırf tibbi modelə əsaslanır və xəstəliyin törətdiyi ağırlaşmalara görə təyin olunur”.
Qazet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
O bildirib ki, yeni qanunvericiliyə görə, 4 fərqli müddət üçün əlillik müddəti təyin edilə bilər: “Cənab Prezidentimiz tərəfindən təsdiq olunmuş qanuna görə, 2022-ci ilin iyulun 1-dən yeni əsasnamə qüvvəyə minəcək. Həmin əsasnamədə həyat fəaliyyətinin pozulmuş kriteriyaları nəticəsində orqanizmin həyat fəaliyyətinin pozulması faizlə müəyyən ediləcək. 30%-dən 60%-dək olan pozulmalar hazırkı 3-cü dərəcəyə uyğun olur, 61%-dən 80%-dək olan məhdudiyyətlər hazırda qüvvədə olan 2-ci dərəcəyə uyğun nəzərdə tutulub və 80 %-dən 100 %-dək olan hissə isə 1-ci dərəcə əlilliyə uyğun hallarda təyin olunacaq.
Hazırda əlillik müddəti ya müddətsiz ya da 5 illikdir. 18 yaşadək uşaqlarda 3 illik yaxud 18 yaşadəkdir. Yeni qanunvericilikdə isə əlillik müddəti müddətsiz və xəstəliyin xarakterindən, müalicə prosesinə tabe olmaq xüsusiyyətlərində asılı olaraq 1-2-5 il müddətinə əlillik müddətləri təyin olunacaq”.