Agentlikdən narkomaniyaya qarşı yeni layihə
“Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsini həyata keçirib.
Agentlikdən Qazet.az-a bildirilib ki, layihənin məqsədi şəxsiyyətin və cəmiyyətin narkomaniyanın istənilən formalarından müdafiəsini təşkil etmək, narkomaniyanın aşkarlanması və qarşısını almaq, habelə nəticələrinin aradan qaldırılmasına dəstək olmaq, narkomaniyadan zərərçəkmiş şəxslərin reinteqrasiyasını, şəxslərin narkomaniyanın qurbanına çevrilməsi riskinin azaldılmasında hökumətin gördüyü işlərdə ictimai rolun artırılmasını təmin etmək, narkomanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması istiqamətində davamlı iş aparmaqdan ibarətdir.
Layihə çərçivəsində narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı informativ videoçarx çəkilib. Çəkiliş zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarının və Milli Məclisin deputatlarının fikirlərinə yer verilib. Eyni zamanda, narkomaniyadan əziyyət çəkənlərin sosial müdafiəsi mövzusunda üç maarifləndirici videoçarx da hazırlanıb. Hazırlanan videoçarxların süjet xəttində bu bəlaya yoluxan insanların qaranlıq taleyi işıqlandırılıb. Eyni zamanda, narkomaniyadan qorunma yolları ilə bağlı mütəxəssislərin fikirlərinə yer verilib, həm elektron KİV-lərdə, həm də sosial şəbəkədə geniş PR işi həyata keçirilib.