Aİ-92 vergidən azad edildi – Benzin ucuzlaşacaq?
İqtisadçı ekspert Natiq Cəfərli Baş nazirin qərarında “Aİ-95-dən az oktan ədədi benzin” ifadəsinə diqqət çəkib
![Aİ-92 vergidən azad edildi <span style="color:red">– Benzin ucuzlaşacaq?</span>](https://qazet.az/resized/fit900x500/center/pages/52394/933703e8-f8ff-477d-8e1e-ee3046d71f63.jpeg)
Aİ-92 və Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumunun ləğv edilməsi 1 fevral tarixindən yanacağın qiymətinin ucuzlaşacağı haqda ehtimalların yaranmasına səbəb olub.
Qazet.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Baş nazirin qərarında “Aİ-95-dən az oktan ədədi benzin” ifadəsinə diqqət çəkib:
“Yəni bu qərarın Aİ-95-ə aidiyyəti yoxdur, müvəqqəti olaraq Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib və Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib”.
Ekspert bildirib ki, neft emalı zavodunda təmir başladığı üçün Aİ-92 benzininin istehsalı müvəqqəti dayanacaq. Bu zaman isə qıtlıq bahalaşma ola bilərdi. Bunun qarşısını almaq üçün gömrük rüsumu ləğv edilib və aksiz vergisi 1 manata salınıb. Bu qərar isə müvəqqətidir və 1 iyuna qədər (neft emalı zavodunda təmir bitənədək) qüvvədə olacaq.
Qeyd edək ki, Aİ-95 benzini idxal edildiyindən, gömrük rüsumunun ləğv edilməsi halında bu yanacağın qiymətinin ucuzlaşacağı labüddür. Ona görə də ötən gün verilən qərar səbəbindən Aİ-95 yanacağının qiymətinin ucuzlaşacağı haqda ehtimallar sosial şəbəkədə yayılmışdı.