Bakı 2˚C Partly sunny

Akademik dəfn olunub

Cəmiyyət 15:25 01 dek, 2022
Akademik dəfn olunub

Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmov ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Qazet.az xəbər verir ki, mərhumla vida mərasimi AMEA-nın Əsas binasının Dairəvi akt zalında olub.

Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri, ziyalılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Vida mərasimini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq akademik Musa Rüstəmovun vəfatının Azərbaycan elmi ictimaiyyəti üçün böyük itki olduğunu bildirib. O, ölkəmizdə kimya sahəsində mühüm elmi nailiyyətləri ilə öz imzasını atmış, neft-kimya elminin inkişafına böyük töhfələr vermiş görkəmli alim, akademik Musa Rüstəmovun səmərəli elmi fəaliyyətindən, Azərbaycan kimya elminin inkişafına verdiyi töhfələrdən söz açıb.

Mərhum akademikin ailə üzvləri adından oğlu İsmayıl Rüstəmov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.