Bakı 19˚C Intermittent clouds

Aleksandr Jidkov "Neftçi"dən ayrılmasının səbəbini açıqlayıb

Gündəm 11:23 03 noy, 2021

Bunu "Neftçi"nin sabiq qapıçısı Aleksandr Jidkov Bakı klubundakı karyerası barədə "fanday.net" saytına geniş müsahibəsində deyib

Aleksandr Jidkov "Neftçi"dən ayrılmasının səbəbini açıqlayıb

"O vaxt "Neftçi"də sovet komandalarına xas standart şərait var idi: mənzil, avtomobil və əlavə ödənişlər. 1984-cü ildə zirvədə qalmaq üçün Özbəkistan "Paxtakor"u ilə mübarizə aparırdıq. Son turda heç-heçə oynayıb 600 rus rublu aldıq".

Qazet.az məlumatına görə, bunu "Neftçi"nin sabiq qapıçısı Aleksandr Jidkov Bakı klubundakı karyerası barədə "fanday.net" saytına geniş müsahibəsində deyib.

1984 - 1987-ci illərdə "ağ-qaralar"ın formasını geyinmiş veteran qolkiper bildirib ki, həmin dövrdə flaqmana Azərbaycanın tikinti naziri rəhbərlik edirdi: "Yadımdadır, Bakıda dəbdəbəli baza tikilmişdi. Bu, Sovet İttifaqının ən yaxşılarından biri idi. Kondisionerli otaqlarda yerə şərq xalçaları döşənmişdi".

Onun sözlərinə görə, "Neftçi"yə vəsait dövlət büdcəsindən ayrılırdı: "Açığı, maliyyənin mənbəyini bilmirdim. Amma Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırov futbol azarkeşi olub. Güman edirəm ki, pul da elə dövlət büdcəsindən gəlirdi. Həm Tbilisidə, həm də İrəvanda oxşar vəziyyət idi. Daşkənddə pambıqdan gələn gəlir “Paxtakor”a gedirdi".

Jidkov "Neftçi"dən ayrılmasının səbəbini də açıqlayıb: "SSRİ yığmasına çağırılmışdım. Valeri Lobanovski məni Moskva yaxınlığındakı Novoqorskda yerləşən ofisinə dəvət etdi və bunları dedi: "Millidə oynamaq istəyirsən? Kiyev "Dinamo"suna keç. Sən artıq "Neftçi"də oynayacaq səviyyəni keçmisən. Nə edə bilərdim? "İstəmirəm" deməliydim? Hətta rəqabət barədə belə, düşünmədim. Kiyevdə Viktor Çanov, yığmada isə Rinat Dasayev var idi. Onlar heyətdəki yerlərini vermək fikrində deyildilər. Risk edib "Dinamo"ya yollandım. Həmin vaxt yalnız Bakı Tibb İnstitutundan Kiyevə köçürülməyimi xahiş etdim. Lobanovski bu məsələni qısa zamanda həll etdi".

Qeyd edək ki, 1984 - 1987-ci illərdə "Neftçi"nin şərəfini qorumuş Aleksandr Jidkov 1994 - 1998-ci illərdə Azərbaycan millisində çıxış edib. Keçmiş qolkiper 21 oyunda yığmanın qapısını qoruyub.