Ali Baş Komandan Talış və Suqovuşanın necə azad edilməsindən danışıb
Prezident bu sözləri Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib
"İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri".
Qazet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.
"Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək, - dövlət başçısı bildirib.