Bakı 6˚C Sunny

Alimlər iki yeni planet kəşf edib

Maraqlı 07:24 21 dek, 2022
Alimlər iki yeni planet kəşf edib

Aparılmış yeni tədqiqatın nəticələrinə əsasən Yer kürəsinə yaxın, səthləri tamamilə su ilə örtülməsi güman edilən iki yeni planet kəşf edilib.

Qazet.az xəbər verir ki, kosmik modellər bu cür planetlərin mövcud ola biləcəklərini öncədən güman etmişdilər. Lakin ilk dəfə olaraq onların mövcudluqlarına dair sübutlar əldə edilib. Kepler adlı kosmik teleskopunun 2014-cü ildə əldə etmiş məlumatları analiz etmiş alimlər Kepler-138c və Kepler-138d adlı ekzoplanetlərə nəzər yetiriblər. Sözügedən planetlər Yer kürəsindən 218 işıq ili uzaqlığında Lira bürcündəki ulduz ətrafında dövr edirlər. Növbəti illərdə bu planetlər Hubble teleskopu vasitəsilə müşahidə edildi və nəticədə onların tərkibləri təyin olundu.

Beləliklə alimlər bildiriblər ki, sözügedən planetlərin böyük hissəsi çox güman ki, sudan ibarətdir. Alimlərin sözlərinə əsasən əvvəllər düşünülürdü ki, Yer kürəsindən daha böyük ölçüyə sahib planetlər adətən qayalardan və metallardan ibarətdirlər. Bu cür planetlər həmçinin Super Yer adlanırlar. İndi isə məlum olub ki, Kepler-138c və Kepler-138d adlı planetlər fərqlənirlər. Belə ki, böyük ehtimal ilə onların səthlərinin böyük hissəsi məhz sudan ibarətdir. Bununla belə onların səthlərinin dəqiq şəkildə su ilə örtülü olduğunu da söyləmək mümkün deyil. Bununla yanaşı alimlər sözügedən planetlərin sıxlıqlarını da təyin ediblər.

Bu planetlərin Yer kürəsindən 3 dəfə böyük olmalarına baxmayaraq onların sıxlıqları Yer kürəsinin sıxlığından cəmi 2 dəfə yüksəkdir. Bu isə onların aşağı sıxlığa sahib olmalarından xəbər verir. Bu cür sıxlıq həmçinin ona işarə edir ki, planetlərin həcmlərinin böyük hissəsi hidrogen və heliumdan daha ağır maddədən təşkil edilib. Çox güman ki, söhbət, məhz sudan gedir. Alimlər həmçinin qeyd ediblər ki, sözügedən planetlər Kepler-138 adlı ulduza bir qədər yaxın məsafədə yerləşirlər. Onların fikirlərinə əsasən Kepler-138c ilə Kepler-138d-də temperatur göstəricisi suyun qaynama temperaturundan (100 dərəcə Selsi) bir qədər çoxdur. Böyük ehtimal ilə bu səbəbdən planetlərin atmosferlərində böyük həcmdə buxar mövcuddur.