Bakı 6˚C Intermittent clouds

Almaniya kanslerinin reytinqi rekord həddə düşdü

Siyasət 09:00 22 avq, 2022
Almaniya kanslerinin reytinqi rekord həddə düşdü

Almaniya kansleri Olaf Şoltsun və hakim “İşıqfor” koalisiyasının (koalisiyanı təşkil edən partiyaların rənglərinə görə belə bir qeyri-rəsmi ad verilib - red.) reytinqi dekabrda hökumətin fəaliyyətə başlamasından bəri ən aşağı səviyyəyə düşüb.

Qazet.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Nəşrin sifarişi ilə “İnsa” sosioloji araşdırmalar institutunun bu gün açıqladığı nəticələrə əsasən, almanların demək olar ki, üçdə ikisi - 62 faizi Şoltsun işindən razı deyil.

Hakim koalisiyanın reytinqi də rekord həddə düşüb. Respondentlərin 65 faizi federal hökumətin işindən narazıdır, yalnız 27 faizi bəyəndiyini ifadə edib. Halbuki bu ilin mart ayının əvvəllərində Şoltsun reytinqi 46%, hakim koalisiyanın nüfuzu isə 44% civarında idi.

Sorğunun nəticələrinə əsasən, bu həftə seçki keçirilsə idi, kansler Olaf Şolts 18% səs toplayaraq üçüncü yeri tutardı. Birinci yer “yaşıl” iqtisadiyyat naziri Robert Habekə (25%), ikinci yer isə Xristian Demokrat İttifaqının sədri Fridrix Mersə (19%) məxsusdur.

Həftəlik sorğunun nəticələrinə görə, Xristian-mühafizəkar CDU/CSU bloku öz mövqeyini bir qədər də möhkəmləndirib, onu hazırda almanların 28 faizi dəstəkləyir. Bununla CDU/CSU reytinqləri 21 faiz olan Yaşılları 7% qabaqlayıb.

Sosial Demokratların reytinqi isə dəyişməyib (19%), liberal yönümlü Azad Demokratların nüfuzu 8 faizə düşüb.

“Deutsche Welle” portalının xəbərinə görə, kremlpərəst iki siyasi təşkilatın - “Almaniya üçün Alternativ” (12%) və “Sol” Partiyanın (8%) reytinqi dəyişməz qalıb.