Almaniyanın xarici işlər naziri Putinin sözlərini ciddi qəbul etməyə çağırıb
"Beynəlxalq ictimaiyyət Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrindən qorxmayacaq, lakin onun sözlərinə ciddi yanaşmaq lazımdır".
Qazet.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib. Almaniyanın xarici işlər naziri Annalena Berbok Varşavaya səfəri zamanı bu sözləri deyib: - “Putin ilk dəfə deyil ki, belə təhdidlərə əl atır. Onlar məsuliyyətsizdirlər və biz onları ciddi qəbul etməliyik”.
Almaniyanın xarici işlər naziri Putinin ritorikasını “200 gündən çox davam edən amansız təcavüzkar müharibə” qarşısında Qərb hökumətlərini şantaj etmək cəhdi adlandırıb.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Ukrayna regionlarının ilhaqı mərasimində deyib ki, ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombaları ilə "presedent yaradıb". O, həmçinin xəbərdarlıq edib ki, Rusiyanın nüvə doktrinası ölkə ərazisi üçün təhlükəyə cavab olaraq nüvə silahından istifadəyə icazə verir. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Çeçenistanın rəhbəri Ramzan Kadırov da taktiki nüvə zərbələrinin mümkünlüyü barədə danışıblar.
Bir neçə gün əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin nüvə silahının mümkün istifadəsi ilə bağlı sözlərini ciddi şəkildə nəzərə almağa çağırıb.