AMADA daha bir beynəlxalq layihəni uğurla həyata keçirib
Bu zaman sənədin daha da təkmilləşdirilməsi üçün müəyyən təkliflər verilib və yekun variantın hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi qərara alınıb
Avropa Şurasının İnsan Hüquqları üzrə Ekspertlər Qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Qazet.az-a verilən məlumata görə, AMADA-nın direktoru, Ekspertlər Qrupunun sədr müavini Şəfəq Hüseynli də toplantıda iştirak edib.
Tədbirdə Avropa Şurası Nazirlər Komitəsinin tövsiyə etdiyi Antidopinq icraatları zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplər müzakirə olunub. Bu zaman sənədin daha da təkmilləşdirilməsi üçün müəyyən təkliflər verilib və yekun variantın hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi qərara alınıb.
Tədbirdə çıxış edən Hüseynli müəllifi olduğu dünyada antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı layihə barədə geniş təqdimat edib. Sözügedən layihə ötən ilin dekabrında Antidopinq Konvensiyası Monitorinq Qrupunun 52-ci iclasında təqdim olunub və Avropa Şurası tərəfindən dəstəklənib.
Antidopinq sahəsində idmançıların hüquqlarının təmin edilməsi üzrə ilk beynəlxalq irimiqyaslı araşdırma olan bu layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox milli antidopinq təşkilatını əhatə edib. Şəfəq Hüseynli bildirib ki, bu araşdırma idmançı hüquqlarının təmin edilməsinin keyfiyyət və kəmiyyət baxımdan qiymətləndirilməsinə, mövcud təcrübələrin öyrənilməsinə və icraat zamanı mövcud olan boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verir.
Layihənin icrası zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplər nəzərə alınmaqla mövcud vəziyyət ətraflı təhlil edilib. Buna görə də layihə antidopinq icraatları zamanı ədalətli dinləmələrə dair ümumi prinsiplərin yekun variantının hazırlanmasına da töhfə vermiş olacaq.
Layihənin yekunları ilə bağlı hazırlanan hesabat Avropa Şurası Monitorinq Qrupunun iclasında təqdim ediləcək.