AMEA-nın sabiq şöbə müdiri həbs edildi - 81 minlik dələduzluq
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əlibala Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
Qazet.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.
Belə ki, ona təyin olunmuş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və Əlibala Ağayev məhkəmə iclası zalından həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Əlibala Ağayev beş nəfərə qarşı dələduzluq edib. O, Şamilov Əlixan Təhməz oğlu, Mahmudova Adilə Xurşud qızı, Hacıyev Məhyəddin Abdulla oğlu, Qurbanov Seymur Pənah oğlu və Abdullayev Tofiq Şakir oğlunun ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Əlibala Ağayev həmin şəxslərin yaxınlarının təhsil məsələsi və məhkəmə işlərini həll edəcəyinə dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Daha sonra o, zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əlibala Ağayev 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya şikayəti verib.
Qeyd edək ki, Əlibala Eldar oğlu Ağayev AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi vəzifəsində çalışıb.
O, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinib və 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Əlibala Ağayev həbs olunana qədər həmin cəzasını çəkib qurtarmışdı.
Qaynaq