Bakı 6˚C Dreary

Amerika-Azərbaycan cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Siyasət 10:45 07 sen, 2022
Amerika-Azərbaycan cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Qazet.az-a Dövlət Komitəsindən məlumat verilib.

Qonaqlar görüşdən əvvəl Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

65 illik tarixə malik Azərbaycan-Amerika Cəmiyyətinin nümayəndə heyətini ölkədə görməkdən məmnun olduğunu söyləyən Komitə sədri diaspor siyasəti, diasporumuzun formalaşma tarixi, Komitənin fəaliyyət istiqamətləri, yeni və mühüm layihələr, diasporun, xarici jurnalist və tarixçilərin Qarabağa təşkil olunan səfərləri barədə ətraflı məlumat verib, ASA-nın diaspor fəaliyyətinə verdiyi töhfələri, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu yüksək qiymətləndirib.

Tomris Azeri və çıxış edən digər qonaqlar səmimi qəbula görə təşəkkür edib, ABŞ-dakı Türk-Azərbaycan diasporlarının işbirliyi, diasporumuzun bu ölkənin ictimai-siyasi həyatında mövqelərə sahib olmaq inkanları və Komitə ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün layihə təklifləri barədə danışıblar.

Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində ölkəmizə gələn və müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyətinin səfər çərçivəsində bir sıra rəsmi qurumlarla, ali məktəb kollektivləri ilə görüşləri, eyni zamanda Qarabağa səfərləri planlaşdırılıb.

Maraqlı fikir mübadiləsi ilə yekunlaşan görüşün sonunda T.Azeriyə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim olunub.

Xatırladaq ki, Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azeri Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, milli təhlükəsizlik təşkilatının ikinci sədri Nağı Şeyxzamanlının nəvəsidir.