ANAMA-nın idarə heyətinin sədri yeni mina xəritələrindən danışıb
Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi 25 faiz təşkil edir.
Təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız və yararsız olması təəssüratını yaradır.
Qazet.az “Yeni Azərbaycan”-a istinadən xəbər verir ki, noyabrın 26-da keçirilən Soçi görüşünün ardından Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələri, daha doğrusu, Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarları şübhəlidir. Bu fikri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır.
V.Süleymanov bildirib ki, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış etsə də, bu formulyarların işğaldan azad olunmuş bütün əraziləri tam əhatə etməsi ilə bağlı da ciddi narahatlıq mövcuddur: “ANAMA və Azərbaycan Respublikasının Müdafiə nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq.
Göründüyü kimi, erməni xisləti, erməni hiyləgərliyi yenidən özünü büruzə verir. Xatırladaq ki, bu ilin iyununda Ağdam, iyulun 3-də isə Füzuli və Zəngilan rayonlarında basdırılmış minaların təqdim olunan xəritələrinin böyük hissəsi də yalan çıxmışdı. Beynəlxalq məhkəmələrlə bağlı məsuliyətdən yayınmaq üçün Ermənistan özünü “sülhə doğru addım atan” ölkə kimi təqdim etməyə çalışır. Amma mina xəritələrinin tam və əsl siyahısını təqdim etməməklə Ermənistan cinayətə yol verir, beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Bu günə qədər həmin minalara düşən və həyatını itirən yüzlərlə vətəndaşın olduğunu nəzərə alsaq, bu, Ermənistanın apardığı yeni bir terror dalğası kimi xarakterizə oluna bilər. Digər tərəfdən, ermənilər tərəfindən basdırılmış bu minalar yüz minlərlə soydaşımızın işğaldan azad olunmuş rayonlara qaytarılmasına, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin ardıcıl olaraq davam etdirilməsinə böyük maneə yaradır. Ermənistan Azərbaycanın sülhpərvər, humanist davranışlarına bu cür hiyləgərliklə cavab verməklə bir daha terrorçu mahiyyətə malik olduğunu ortaya qoyur.