Bakı 4˚C Windy

Anar Əsədli 2 nəfərin 160 min dollarını mənimsəyib - DİN

Gündəm 17:50 18 noy, 2022
Anar Əsədli 2 nəfərin 160 min dollarını mənimsəyib - DİN

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qazet.az xəbər verir ki, bu barədə Anar Əsədli özü məlumat yayıb.

O bu gün Türkiyəyə səfərə gedərkən ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib:

"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”.

Qeyd edək ki, Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən külli miqdarda dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.

***

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəgbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, A.Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.

Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib:

"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".