Anım Günü Ağalı kəndində qeyd olunub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində anım mərasimi təşkil olunub.
Qazet.az xəbər verir ki, tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Aksiyada Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
Mərasim iştirakçıları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbədən söz açıblar.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir.
Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində, həmçinin ağacəkmə aksiyası gerçəkləşib.
Sərv, zeytun, eldar şamı və digər növ olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.
Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Zəngilan ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.