"Anlayırdıq ki vəziyyət pisdir" - erməni əsgər
“Başa düşmüşdüm ki, buradan geri dönüş olmaya da bilər”

44 günlük müharibənin başlanmasından artıq 1 il keçib. Zaman keçdikcə artıq müharibədən məğlub ayrılan erməni əsgərlərinin də müsahibələri rəng dəyişməyə başlayır. Onlar artıq ilk günlərin müharibə və məğlubiyyət şokundan ayılaraq daha obyektiv danışmağa və müharibənin onlar üçün olan dəhşətli yanlarından bəhs etməyə başlayıblar.
Belə müsahibələrdən biri də BBC News tərəfindən alınıb. Qazet.az xəbər verir ki, Ermənistan paytaxtı Yerevanda yaşayan Vladimr Vardanyan adlı əsgər də açıq şəkildə müharibə artıq başladığı anda qalibiyyət şanslarının olmadığını qəbul etdiyini bildirib. O, ikinci Qarabağ müharibəsində könüllü iştirak edib. Ermənistanlı könüllü əsgər olan Vardanyan bu döyüşlərdə bir qolunu itirib.
“Qorxu hissi var idi, deməzdim ki qorxmurduq. Müharibənin ilk günü artıq hər şeyin ciddi olduğunu anlamışdım. Başa düşmüşdüm ki, buradan geri dönüş olmaya da bilər.”
Vardanyan bildirib ki, qolu amputasiya edilməyə də bilərdi ancaq həmin an həkim ən sadə variantı seçərək Vardanyanın qolunu amputasiya edib. Onun sözlərinə görə, Suqovuşanda Azərbaycan əsgərləri hücum edəndə o yaralanıb və xəstəxanaya aparılıb. Müharibənin bitməsi ilə bağlı isə Vardanyan deyib ki, əgər Azərbaycan bir az da davam etsə idi “Artsax” deyə bir yer qalmayacaqdı.
“Onlar Şuşanı tutandan sonra müharibənin bir mənası qalmamışdı. Şuşanı tutan tərəf üçün Stepanakertə (Xankəndi) girmək heç də çətin deyildi. Amma bir qalibik. Çünki o böyüklükdə orduya qarşı 44 gün savaşdıq” deyə Vladimir Vardanyan vurğulayıb.