Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub
Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın Orlean şəhərində keçirilən sablya növü üzrə Qran-pri yarışında 5-ci yeri tutub.
Federasiyadan Qazet.az-a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən başlayan 26 yaşlı idmançı startda Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə fransalı Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib.
Avropa çempionu ən güclü "8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub - 15:9. Yarımfinala gedən yolda İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzan Başta yekun sıralamada 5-ci olub.
Azərbaycanın digər təmsiçilərindən Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü "64-lüy"ə yüksəlməyi bacarıb.
1/8 finaladək irəliləməyi bacaran Bolşakova Yapononiya və Çindən olan rəqiblərinə qalib gəlsə də, 1/4 finala yüksəlmək uğrunda görüşdə “gündoğar ölkə”nin dogər təmsilçisi Emura Misakiyə 7:15 hesabı ilə uduzub. Misaki final mərhələsinin ilk görüşündə isə Azərbaycanın digər idmançısı Palina Kaspioroviçə 15:12 hesabı ilə qalib gəlib.
Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Kərimova qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Bünyatova və Hüseynova isə təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.