Bakı 2˚C Cloudy

Apteklərdə "Nurofen" niyə yoxdur? - RƏSMİ CAVAB

Gündəm 12:50 12 okt, 2022
Apteklərdə "Nurofen" niyə yoxdur? - RƏSMİ CAVAB

Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirilib.

Qazet.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən  bildirilib ki, "Nurofen"in həm kapsul, həm suspensiya, həm də həblərinin idxalı üçün sentyabrın 22-23-də müraciət olunub:

"Bu, onu deməyə əsas verir ki, problem yaxın zamanda həll olunacaq".

Mərkəz eyni zamanda qeyd edib ki, apteklərin dərman vasitələri ilə təminatı nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aiddir:

“Ölkəyə dərman vasitələrinin idxalı, gətirilməsi özəl idxalçı şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, problemin hansı ölkə ilə bağlı olduğu barədə heç bir şərh verə bilmərik”.

Ötən gün Milli Məclisdə adıçəkilən dərmanlarla bağlı qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb. Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər:

“Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı dərmanlar “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aiddir. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir”.

Ümumi olaraq bildirilib ki, Dərman Vasitələrinin Dövlət Reyestrində 5567 adda dərman vasitəsi qeydiyyatdan keçib. Əsasən Avropa ölkələrindən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və s ölkələrdən dərman vasitələri idxal olunur.