Bakı 15˚C Mostly sunny

"Əslində 20 manatdan aşağı yağ ola bilməz"- AÇIQLAMA

Gündəm 18:10 17 iyn, 2022

Elçin Bayramlı yağların bahalaşmasını şərh etdi

"Əslində 20 manatdan aşağı yağ ola bilməz"- AÇIQLAMA

Dövlət Statistika Komitəsinin may ayında apardığı qiymət müayinəsində bütün növ yağların bahalaşdığı qeydə alınıb. Son 4 ayda yağların bir kiloqramının qiymətində isə təxminən 50-80 qəpik artım müşahidə olunub.
Qazet.az bahalaşma ilə bağlı sosioloq Elçin Bayramlıdan açıqlama alıb.
Elçin Bayramlı açıqlamasında bildirib. 


 

Biz əslində yağ istehsal etmirik, sadəcə qablaşdırırıq. Türkiyədə də, bizdə də Rusiyadan və ya başqa ölkələrdən aldığımız yağı özümüz qablaşdırırıq. Ona görə də bahalaşma təbiidir. Bahalaşma son aylarda 2 dəfəyə qədər artıb. Yerli istehsalımız çox azdır. Potensial var, ancaq ortada fakt yoxdur. Azərbaycan əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmir. Biz 50 faizdən artıq idxaldan asılıyıq. Biz neçə illərdir ki, qlobal böhranla bağlı xəbərdarlıq edirdik. Ancaq artıq gecdir. Son beş ildə dayanmadan gecə-gündüz mətbuatdan, televiziyadan öz təkliflərimizi irəli sürürdük. Buna illər lazımdır. Vaxtında aqrar sektoru inkişaf etdirməli, sahibkarlara dəstək olmaq lazım idi.  Sistemli şəkildə iş aparılmalı idi. Aqrar sektora milyardlarla pul ayrıldı. Monopolistlərin mənafeyi üçün yerli istehsal sıradan çıxarıldı. Biz indi nəyisə dəyişməyə çalışsaq nəticəsini 3-5 ildən sonra görə bilərik. 
 

Kərə yağında da eyni vəziyyətdir.  22 min ton kərə yağı istehsal edirik, 17 min ton isə alırıq. Demək olar ki, 40 faizini idxal edirik. Həmçinin yerli istehsalçıların da xərcləri artıb. Yağı, südü istehsal etmək üçün taxıl da lazımdır. Taxılın, yemlərin, dərmanların qiyməti də qalxıb. 
Yağlarla bağlı vəziyyət çox faciəvidir. Çünki, 90 faiz yağların tərkibi saxta və keyfiyyətsizdir. 
Əslində 20 manatdan aşağı yağ ola bilməz. 15 manatdan yuxarı satılan kərə yağlarını heç olmasa kərə yağı hesab etmək olar. 
Məsələn, Rusiyanın, Belarusun istehsalı olan yağlar indi 18-19 manat olub. Həmin yağlar Belarusun rəsmi mağazasında 21 manatdır. İstənilən kağıza büküb Belarus, Rus adından satışa çıxarırlar. Bunların heç biri yoxlanışdan keçməyib. 
Hətta əldən alınan nehrə yağı adı ilə satılan yağlar da saxtadır. 
Müharibə dayansa belə, qlobal quraqlıq nəticəsində bahalaşma, qıtlıq hələ uzun müddət davam edəcək. İki ildir ki, həyəcan təbilləri çalınır. Müharibə sadəcə əlavə təsir göstərdi. Amerikada, Rusiyada, Hindistanda istehsal azalıb.
Bütün məhsullarda bahalaşma davam edəcək. Çünki biz özümüzü meyvə tərəvəzdən başqa heç bir məhsulla təmin edə bilmirik. Bir tərəfdən qiymət bahalaşır, digər tərəfdən isə bahalaşan palma yağını bizə kərə yağı adı ilə satırlar. 
Bizim taleyimiz dünyada baş verən proseslərdən asılıdır. 
Onsuz da Azərbaycan dünya normasından 2 dəfə az yağ qəbul edir. Adam başına düşən yağ norması 7 kq-dır. Bizdə isə 3.5 kq-dır. Qiymətlər artıqca tələbat daha da azalacaq. Bu əhalinin sağlamlığı üçün çox pis göstəricidir. Bahalaşma olduqca əhali daha da saxta və keyfiyyətsiz məhsul almağa məcbur olacaq. 
Bəzi ölkələr məhsullarını stoklayıb satmır. Bu məsələlərdə günahkar birbaşa olaraq Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyidir. 
 

Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosiloq