Bakı 28˚C Sunny

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Cəmiyyət 12:55 01 dek, 2021

 “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.

Qazet.az xəbər verir ki, 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etdi. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsil səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq, onlara müxtəlif proqramlar, layihələr vasitəsilə köməklik göstərilir.

BMT-nin Baş Katibi Pan Gi Munun Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə müraciətində xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nəticəsində nailiyyətlərin artdığı, yeni yoluxmaların sayının dünyanın bir çox yerində azalmaqda davam etdiyi deyilir. Müraciətdə həmçinin BMT-nin Baş Assambleyasının Yüksək Səviyyəli Görüşündə QİÇS-lə əlaqədar 2015-ci il üçün hədəflərin müəyyən edildiyi vurğulanıb: “İİV-in cinsi əlaqə vasitəsilə ötürülməsini yarıya qədər azaltmaq, uşaqlarda yeni yoluxma hallarını aradan qaldırmaq, İİV-ə yoluxmuş 15 milyon insanın müalicəsini təmin etmək, stiqma və ayrı-seçkiliyə son qoymaq və QİÇS-lə mübarizədə büdcə kəsirini aradan qaldırmaq – bütün bu məqsədlərə biz yalnız güclü siyasi istək, səmərəli maliyyə vəsaitləri və insan hüquqlarına əsaslanmış qəti yanaşma ilə çata bilərik. Bu imkandan QİÇS-ə həmişəlik son qoymaq üçün istifadə edək.”

Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.

2010-cu ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Hazırda bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, ötən il immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 8 min 395 xəstə qeydiyyata alınıb. Onlardan 2 min 481 nəfərini QİÇS-lə xəstələnənlər təşkil edir. Ötən il 547 xəstə ilk dəfə olaraq İİV xəstəsi kimi qeydiyyata düşüb.

 

Dönməz Hüseyin