Bakı 7˚C Sunny

11 ildir sevdiyi pişiyini başından güllə ilə vurdu - SƏBƏB

Maraqlı 12:00 31 may, 2022

Yazıçılar və pişikləri

11 ildir sevdiyi pişiyini başından güllə ilə vurdu - <span style="color:red">SƏBƏB</span>

Rus ədəbiyyatında itlərə daha çox rast gəlirik, amma pişiklər də istisna deyil. İstər əsərin məzmununda, istər yazıçının çiynində...

Qazet.az Pişiklər və yazıçılar haqqında yazını təqdim edir.

Hətta bəzi yazıçı və şairlər öz pişiklərinə sevdiyi qələm adamlarının adını da qoyublar. Məsələn, Herman Hessenin pişiyinin adı ‘‘Narsis‘‘ idi. Əhməd Həmdi Tanpınar pişiyinə ‘‘Kafka‘‘ adı vermişdi. Edqar Allan Ponun pişiyi ‘‘Katarina‘‘ adı daşıyırdı. Haruki Murakami də pişiyini ‘‘Kafka‘‘ deyə çağırırdı. Jan Pol Sartırın və Samuel Bekketin pişiklərinin adı isə ‘‘Mörfi‘‘ idi.

Tomas Eliot modernist şeirlərində pişiklərdən tez-tez bəhs etmişdi. 
Tomas Mann sevimli pişiyi Banbino itəndə jurnala elan vermişdi. 
Samuel Conson küçədə rastına çıxan hər pişiyə xərçəng çubuqları alırdı.

Pişiklər və yazıçılar arasındakı ən kədərli hadisə isə Ernest Heminqueyin məktubunda ortaya çıxıb. O, dostu Canfranko İvançikə pişiyinin ölüm saatlarını belə yazmışdı.

Qəzaya düşən pişik güc-bəla ilə özünü Heminqueyə çatdırır. Pişiyin bir neçə yerdən sümükləri qırılmışdı. Heminquey pişiyi “Vilyam”a  əvvəlcə süd verir, sonra isə onu əzablardan qurtarmaq üçün güllə ilə vurur.

Yazıçı məktubda yazırdı: ‘‘Pişiyi süd içdiyi yerdə başından güllə ilə vurdum. Çox acı çəkdiyini hesab etmirəm. Sinir hüceyrələri zədələndiyi üçün hələ sümüklərinin ağrısını hiss etmirdi. Monstruo mənim əvəzimə gülləni pişiyin başına çaxmaq istədi, amma buna razı olmadım. Bu məsuliyyəti başqasının üstünə atmaq istəmədim. Əvvəllər də birini gülləylə vurmuşdum, amma 11 ildi sevdiyim və qırıq ayaqlarla mırıldayan birini vurmaq...”
Heminqueyin 30-dan çox pişiyi olub. Qəribədir ki, pişiklərinin hamısı 6 barmaqlı idi. Günümüzdə 6 barmaqlı pişiklərə ‘‘Heminquey pişiyi‘‘ adı verilib.

Ceyms Coys hər iki övladına hekayə həsr etmişdi. Hər iki mətn pişiklərdən bəhs edirdi. ‘‘Pişik və şeytan‘‘ , ‘‘Kopenhagen pişikləri‘‘ adında çap olunmuşdu.

Çarlz Dikkensin evində kitabxanaya bənzəyən gizli qapı vardı. Orada ‘‘Pişiklərin həyatı ‘‘ adlı 9 cildlik kitablar yer almışdı.

Əksər dünya yazıçılarının pişiyi olub. Bəlkə də yazıçılar səssizliyi sevdiyi üçün pişiklərlə yaşamağı seçmişdilər. Şərq və Qərb insanı pişiyə münasibətdə bir-birinə zidd fikirdədir.

Xristian dəyər sistemində pişiklər əhilləşdirilsə belə, insana xidmət məqsədi ilə saxlanılmır. Pişiklərin 9 canının olması xristian aləmində cənnət məsələsinə ironiya sayılır.

Qəribədir ki, Avropa folklorunda pişiklər uşaq qatili, cadugər kimi təmsil olunub. O cümlədən Edqar Allan Ponun ‘‘Qara pişik‘‘ hekayəsində folklordan gələn qorxu, qaranlıq, dəhşət özünü göstərir. Şərqdə isə, xüsusən islamda pişiyə xoş münasibət var. Peyğəmbərin pişiklərə qarşı mərhəmətli olduğu, hətta paltarının üzərində yatdığı üçün pişiyi oyatmasın deyə paltarını kəsdiyi deyilir.

Hazırladı: Dəniz Pənahova