Bakı 20˚C Mostly sunny

"28 il sonra Laçına qayıdış "dünyaya yenidən gəlmək" kimidir" - Ələmdar Şahverdiyev

Eksklüziv 11:00 01 dek, 2021

Laçınlı tarixçi doğma yurda qayıdışdan danışıb

"28 il sonra Laçına qayıdış "dünyaya yenidən gəlmək" kimidir" - <span style="color:red">Ələmdar Şahverdiyev</span>

18 may 1992-ci il Azərbaycanın qan yaddaşına Laçının işğalı kimi həkk olunub. Lakin 28 il sonra Azərbaycan öz torpaqlarının azadlığını hərbi yolla təmin edərək 44 gün boyunca düşmənlərlə savaş apardı.

28 illik həsrətdən sonra Laçın Azərbaycanın nəzarətinə geri döndü. 1 835 km2 əraziyə malik olan Laçın Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir. 125 kənd, bir şəhər və bir qəsəbədən ibarət olan Laçın rayonundan 63 min 341 zərbaycanlı didərgin düşüb.

Bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb.

Qazet.az Laçının azad edilməsinin ildönümü ilə bağlı laçınlı tarixçi Ələmdar Şahverdiyevdən müsahibə alıb.

– Bir insan üçün doğma yurd-yuvadan 28 il ayrı yaşamaq nə deməkdir?

– Kökündən qopmuş ağac necədirsə, insan üçün də göz açıb dünyaya gəldiyi torpağından uzaq yaşamaq eyni mənaya gəlir. Buna görə də belə bir tarixi faciəni yaşamış insanlardan biri olaraq mən düşünürəm ki, bu gün ən böyük təskinlik ordumuzun və dövlətimizin apardığı siyasətin nəticəsi olaraq torpaqlarımızın azad edilməsidir. 28 ildən sonra baş verəcək o qayıdışı həyatının həmin hissəsini itirmiş insan üçün “dünyaya yenidən gəlmək” kimi qəbul edirəm. Belə deyirəm. Çünki insan yaşa dolduqca tarixə meyillənir, əcdadlarının dəfn olunduğu, suyu və havası ilə böyüyüb boya-başa çatdığı torpağa qayıdır. Torpaqlarımız işğal olunanda, həmin yerləri tərk edəndə, necə ki, torpaq ayağımızın altında dayanmırdı, dərk edə bilmirdik ki, bundan sonra necə yaşayacağıq artıq o torpağa qovuşub onunla yaşamaq yenidən anadan olmaq kimi bir şeydir. Qayıdandan sonra mən inanıram ki, o canlanmış torpağın bir hissəsi olaraq orda özümüzü yenidən tapacağıq.

 

– Doğma torpaqlarınıza yuxularınızda qayıdırdınızmı? 

– Tam səmimi etiraf edəcəyəm ki, bu günə qədər nə yuxu görmüşəmsə, bircə dəfə də olsun bu gün yaşadığım evi görməmişəm, ancaq Laçındakı evimizi yuxuda görmüşəm. Mən yalnız Minkənd kəndində anadan olduğum o evi, kəndimizin mənzərəsini görmüşəm. Bu, yəqin ki beynə hopmuş tarixi yaddaşdır. İkinci Qarabağ müharibəsinə qədər məndə geri qayıdacağımıza dair ümid yox idi. Məndə o hiss yox idi ki, haçansa bizim ayağımız o torpaqlara dəyə bilər. Amma şükürlər olsun bu günə ki, artıq o inam var. Düzdür, müəyyən problemlər və sıxıntılar var, amma zaman hamısını yoluna qoyacaq. Ona görə ki, artıq zaman da tarix də, istər regionda, istər beynəlxalq aləmdə yaranmış tarixi şərait Azərbaycan xalqının xeyirinə işləyir. İnanıram ki, hər şey yoluna qoyulacaq. Qarabağın öz sahibi var və o qayıdacaq. Bu günə qədər ora dəyən yad ayağı o yadlığı çox gözəl hiss edib. Havasında da, suyunda da hiss edirlər ki, ora bunların fiziloji, antropoloji quruluşuna, düşüncəsinə yad olan torpaqdır.

 

– Siz azad Laçını necə təsəvvür edirsiniz?

– Bugünkü prizmadan baxsaq, azad edilmiş Laçınla bağlı çox xəyallar, düşüncələr var. Məsələn, ən vacib şərtlərdən biri əhalinin məskunlaşması üçün zəruri  infrastrukturun tikilməsidir. Buraya yol, kommunal sahəyə aid məsələlər daxildir. Mən inanıram ki, bu istiqamətdə Laçında çox işlər görüləcək. Eyni zamanda, Laçında çoxlu tarixi abidələr var. Həmin abidələrə yenidən diqqət yetirilməlidir. Onların tarixi əhəmiyyəti ardıcıl olaraq qeydə alınmalı və elmi-tədqiqat işləri sürətləndirilməlidir. Çünki bu ərazilər Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malikdir. Burada qədim dövrlərə aid maddi mədəniyyət nümunələri var. Bunların hamısı ilə bağlı müasir elmi-tədqiqat işləri aparılmalıdır. Digər tərəfdən isə mən orada Azərbaycanın hər hansı sahəsi üzrə, iqtisadiyyatımızın profilinə uyğun olaraq ali təhsil müəssisəsinin açılmasını istərdim. Burada həmin sahənin ixtisaslaşması və dünya təhsil sisteminə töhfə verə bilən ali təhsil müəssisəsinin qurulmasını istərdim. Burada insanların dinc şəraitdə yaşaması üçün zəruri olan tədbirlərin hazırlanmasını arzulayardım.

 

Ülvi Əhmədli