Bakı 10˚C Intermittent clouds

30 ilin həsrəti - Bir gündə gerçəkləşən xəyallar

Eksklüziv 11:40 10 may, 2022

Jurnalistimiz Gülnar Süleymanova müqəddəs məkan Şuşaya səfərindən yazır - EKSKLÜZİV

30 ilin həsrəti - <span style="color:red">Bir gündə gerçəkləşən xəyallar</span>

İnsan həyatı “sürprizlərlə” doludur. Bilmirsən başına nələr gələcək, nələr ilə sınağa çəkiləcəksən.

Mənə görə həyatın ən böyük çətinliklərini görən insanlar 90-cı illərin insanlarıdır. Hələ bunlar körpədilərsə, həyatı yeni-yeni anlamağa çalışırlarsa…
 

Niyə görə 90-cı illər? Çünki yenicə müstəqilliyə qədəm qoymuş bir dövlət, sovet imperiyasının təsiri altından çıxıb özünü yenicə dirçəltmək ərəfəsində ikən bədxah qonşular buna mane oldu. Vətən torpaqlarımıza göz dikdilər. Azərbaycanın ən sevimli diyarı olan Qarabağa sahib çıxmağa çalışdılar.
 

Qarabağ hadisələri başlananda mənim hələ heç 6 yaşım tamam olmamışdı. Birinci Qarabağ müharibəsinin qızğın çağları idi. Atam evin divarından böyük bir xəritə asmışdı. Hər gün xəbərləri dinləyib, kədərləndiyini, sonra divardakı həmin xəritədə qeydlər apardığını görürdüm. Həmin qeydlər itirdiyimiz torpaqların adları idi. Ard-arda rayonlarımız, kəndlərimiz işğal olunur, insanlar hər cürə işgəncələrə məruz qalırdılar. Erməni bədxahlarından canını qutarıb kəndimizə qaçmış nə qədər ailələr var idi. Onların hansı əziyyətlərlə canlarını götürüb qaçdıqlarını, hansı işgəncələrə məruz qaldıqlarını eşidəndə insanı vahimə bürüyürdü. Beləcə 9 rayonumuz işğal olunmuşdu. Qarabağ torpağı artıq ermənilərin əsarətində idi.

 

Bilmirəm niyə, ancaq mənə ən ağır gələn Şuşanın işğalı xəbəri olmuşdu. Həmin an özümü tək qalmış kimi hiss edirdim.
 

Torpaq itkisi, ard-arda gələn şəhid xəbərləri…

Bitməyəcək kimi görünən müharibə  məni həddən artıq qorxuya salırdı. Tez-tez atamdan həmin xəritədə  ermənilərin işğal etdiyi əraziləri soruşurdum. Sonra da qaldığımız ərazini xəritədə tapıb, bizə qədər olan məsəfəni öyrənməyə çalışırdım.

Bizim rayona da gəlib çıxsalar necə olacaq? Kim bizi müdafiə edəcək? Harada qaçıb gizlənəcəkdik? Uşaq ağlımla məni ən çox qorxudan ermənilərə əsir düşmək idi. Çünki bilirdim ki, əsirlərə  ağır işgəncələr verilir.
 

Nəhayət atəşkəs oldu, 20 faiz torpağımız talan olunmuş, bir milyona yaxın soydaşımız didərgin düşmüşdü. Bu dövlətin, insanların özünü bərpa etməyi üçün illər lazımı idi. Və beləcə illər öz axarı ilə ötüb keçirdi. Qarabağsız, Şuşasız…

 

Artıq Şuşa mənim üçün əlçatmaz bir qala idi. Təkcə xəyallarımda canlanırdı. Xari Bülbülün, Xan qızı Nətavanın diyarı artıq yad əllərdə idi. Və mən heç bir qüvvənin Şuşanı geri qaytara biləcəyini düşünürdüm.
 

Bütün torpaqlarımızı qaytarsaq belə, Şuşanın qaytarılması mənim aləmimdə həlledilməz məsələ idi. Çünki Şuşanın hər tərəfdən qala divarlarından ibarət olduğunu bilirdim. Fikirləşirdim ki, indi ermənilər o qala divarlarını müdafiə etmək üçün illərlə plan hazırlayıb, böyük müdafiə xətti yaradıblar.
 

Aradan 30 il keçdi, artıq uşaq deyiləm, daha güclü bir dövlət olduğumuzu, güclü ordumuzun olduğunu, indən belə ermənilərin bir qarış da torpğımızı ala bilməyəcəyini yaxşı bilirəm. Bəs itirdiyimiz ərazilər? Onları geri qaytara biləcəyikmi?
 

Nəhəyət 2020-ci il, heç kimin gözləmədiyi bir anda müharibənin başladığını eşitdik. Bütün Azərbaycan xalqı ayağa qalxdı, gənclərimiz səfərbər oldu. Ard-arda kəndlərimiz, rayonlarımız işğaldan azad edilirdi. Sevincimizin həddi-hüdüdü yox idi. Təbii ki, igidlərimizin şəhid xəbəri də  çox ağır idi. Bunu da yaxşı bilirdik ki, ermənilər öz xoşlarına bir qarış da torpağımızı geri qaytarmayacaq. Nə qədər ağrılı olsa da aydın məsələ idi ki, müharibə olan yerdə də şəhidlərimiz, qazilərimiz də olacaqdı.

 

Artıq Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, daha bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad edilmişdi. Ürəyimdə böyük bir qorxu var idi. Hər an danışıqlar gedə bilər, sülh imzalanar və Şuşa işğalda qalar.

 

8 noyabr Ali Baş Komandanın çıxışı olacaqdı. Hər dəfə çıxışında hansısa rayonun azad edildiyinin müjdəsini verirdi. Bu dəfə də səbrsizliklə televiziya qarşısında əyləşib hansı rayonumuzun düşməndən azad olunduğu xəbərini verəcəyini gözləyirdik. Yəqin Laçın deyəcəkdi, ya da Xocalı. Axı Şuşa əlçatmaz yerdir. 

Prezident çıxışına başladı. Bu dəfə Şəhidlər xiyabanından çıxış edirdi. Bu çıxışın bir fərqli olduğunu hiss edirdik. Sanki bu xəbəri tək Azərbaycan xalqı deyil,  şəhidlərin də ruhunun duymasını istəyirdi. Nəhayət o möhtəşəm xəbər.  Şuşa şəhəri işğaldan azad edilib. Bu inanılmaz bir xəbər idi. "Əziz Şuşa, biz qayıtmışıq, əziz Şuşa, sən azadsan". 

 

Bu sözləri eşitmək mənim üçün inanılmaz bir hiss idi. Sevincimdən qışqırır, hər kəsin bu xəbəri duymasını istəyirdim.  Qarabağın ürəyi işğaldan azad olunmuşdu. Elə bu xəbərlə də qələbə qazandığımız və müharibənin sona çatdırıldığı elan edildi. Torpaqlarımız erməni əsirliyindən xilas oldu. Minalardan təmizlənmə, yenidənqurma işləri başlandı.
 

İndi mənim yeni qayğılarım başlamışdı. Bəs nə vaxt Şuşaya gedə biləcəm? Yəqin ki, buna da illər lazım idi.

 

Eh, mən ora necə gedəcəm? Nə vaxt qismət olacaq?
 

Çox keçmədi bir gün işdə Şuşaya avtobusla səfər etməyin mümkün olduğunu öyrəndik. Dərhal rəsmi qurumlarla əlaqə saxladıq. Səyahətin gələn həftədən başlayacağını öyrəndik. Hava çox soyuq idi. Yanvar ayında Şuşaya getmək ağılsızlıq olardı. Yəqin ki, yayı gözləməli olacaqdıq.

 

Allahın böyüklüyünə şükürlər olsun. Heç iki gün keçmədi. İşdən zəng gəldi ki, gələn həftə Şuşaya gedirik. Baş redaktorumuz bütün biletləri alıb. Bundan böyük sevinc, bundan böyük xoşbəxtlik nə ola bilərdi ki?


 Səfərə bir-iki gün qalmışdı. Vaxt keçmək bilmir, hər dəqiqə mənə bir il kimi görünürdü. Və son bir gün, səhər açılmaq bilmir, hey yatmağa çalışıram ki, səhəri günü yuxusuz olmayım. Hər gözümü yumanda avtobusa gecikdiyimi görüb yerimdən sıçrayıb qalxırdım. Beləcə səhəri böyük həyacanla açdım.

Artıq şənbə günü çatıb, Qarabağa ikinci səfər başlayıb. Redaksiya heyyətimizlə avtovağzalda toplaşıb  avtobusa tərəf irəllədik. Bir çox saytlar, televiziya kanalları insalnarın sevincinə şərik olmağa toplaşmışdı. Onların hansı yaşantılar keçirdikləri haqqında soruşur, səfərə gedənlərdən müsahibə alırdılar.

 

Vaxt çatdı, avtobusumuz yola düşdü. Yolun uzunluğu, soyuq, təhlükə qətiyyən bizi narahat etmirdi. Kollektivimiz o qədər mehriban, şən insanlardan ibarət idi ki, bu uzun yolu neçə qət etdiyimizi hiss etmədik. Avtobusda xeyli insan var idi. Təkcə biz kollektiv şəkildə gedirdik. Səs-küyümüz bütün avtobusu bürümüşdü. Ancaq bu digər insanları qətiyyən narahat etmirdi. Şuşanı görmək arzusu hamını bir-birinə qarşı mehribanlaşdırmışdı, sanki avtobusdakı bütün insanlar bir ailənin üzvləri idilər.

Yol boyu avtobusun pəncərəsindən çəklişlər edirdik. Zəfər yoluna çatdıq, Fizuli rayonlarının ərazisindən keçəndə bir anlıq üstümüzə ağırlıq çökdü. Bütün evlər dağıdılmış, talan edilmişdi. Fizuli şəhərindən əsər-əlamət qalmamış, yalnız uçuq divarlar qalmışdı.

 

Bütün bu vəhşilikləri ancaq erməni faşistləri edə bilərdi.
 

5-6 saatlıq yol qət etdikdən sonra nəhayət ki, gəlib Şuşa şəhərinə çatdıq. Sevincimiz yerə-göyə sığmırdı. Hər nə qədər də dağılmış, uçurulmuş, talan olmuşdusa da Şuşa yenə də öz əzəmətini, vüqarını qoruyub saxlamışdı. Hər uçurulmuş binada bir tarix yazılmışdı. İgidlərimizin qanı bahasına düşməndən azad edilmiş Şuşa qalası sanki bir sonsuz qürurla qarşılayırdı qonaqlarını. Sanki yer-göy də sevinirdi bizim Şuşaya qovuşduğumuza.  İlin ən soyuq ayı olan yanvar ayında günəş göylərdən öz isti saçaqlarını üstümüzə səpmişdi. Hər tərəf ağappaq qarla örtülmüşdü. Sakit, çox mülayim bir hava var idi həmin günü Şuşada. 

Avtobusdan endik, ilk olaraq Şuşa qalasının ərtafında toplaşıb xeyli şəkil çəkdirdik. Qala divarına yazılmış “ŞUŞA” yazısına dayanıb bir neçə dəqiqə baxdım. 28 illik həsrət sona yetmişdi.

Şuşanın gəzməli yerlərini gəzdik. Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət etdik. Hər qarışı bizə o qədər doğma idi ki, sanki hamımız bu torpaqda doğulub boya-başa çatmışıq.

 

Hər addımı zövqlə, qürurla addımlayırdıq küçələrdə. Hər kəsin üzündə böyük sevinc vardı. Hamı bütün problemini, bütün qayğılarını unudub bu xoşbəxtliyi doya-doya yaşamağa çalışırdı. İlahi, insanda bu qədərmi məhəbbət olar torpağına, daşına qarşı?

Günəş batmağa doğru gedirdi. Bizi Şuşa şəhəri ilə tanış edən bələdçilər hər kəsi tələsdirməyə başlamışdı. Yolar hər an buz bağlaya, geri qayıtmağımızda təhlükə yarana bilərdi. Ona görə mümkün qədər tez ayrılmalıydıq xəyallarımızın şəhəri olan Şuşadan. Heç kim ayrılmaq istəmirdi. Bələdçilər çətinliklə topladı bizləri avtobusa. Avtobusa əyləşib yerdə qalan insanları gözlədik. Ayrılmaq çətin olsa da ürəyimiz arxayın idi. Daha istədiyimiz vaxt gələ bilərik gözəl Şuşamıza. Hər kəs toplaşdı, avtobus ağır-ağır hərəkət etməyə başladı.

Geri qayıdırıq. Salamat qal, əziz Şuşa. Yenidən görüşərik…

Müəllif: Gülnar Süleymanova