Bakı 21˚C Mostly sunny

500 manatlıq əskinaslar devalvasiyaya səbəb ola bilərmi? – Ekspert rəyi

Eksklüziv 18:00 05 noy, 2021

Yeni əskinaslar xatirə xarakteri daşıyır və devalvasiyaya səbəb olmayacaq

500 manatlıq əskinaslar devalvasiyaya səbəb ola bilərmi? – <span style="color:red">Ekspert rəyi</span>

Vətən müharibəsinin bir illiyini qeyd etmək üçün 500 manatlıq əskinaslar, qızıl və gümüş sikkələr tədavülə buraxılıb.

Bu xəbərdən daha sonra ictimaiyyət arasında devalvasiya riski ilə bağlı müzakirələr başlandı. Mərkəzi Bankın sədri Elman Rüstəmovun fikirlərinə görə isə bu il devalvasiya gözlənilmir.

Maliyyə üzrə ekspert Məqsud Qubadlı Qazet.az-a danışaraq əskinasların devalvasiya riskindən xəbər vermədiyini bildirib.

“Bu il bizim qələbəmizdən bir il keçir. Əlbəttə ki, bu günü cəmiyyətimizin, dövlətimizin və qeyri-hökumət təşkilatlarının öz fəaliyyətləri çərçivəsində ictimailəşdirməklə bağlı öhdəliyi var. Burada da Mərkəzi Bank öz öhdəliyini yerinə yetirir. Həm cəmiyyətimizə, həm də gələcək nəsillərimizə bunu çatdırmaq və beynəlxalq arenada bunu ifadə etmək üçün belə bir təşəbbüs irəli sürüb. Bunun iqtisadiyyata təsiri çox dolayı şəkildə özünü göstərir”.

Məqsud Qubadlı
Maliyyə eksperti

 

Ekspert bu banknotların kütləsinin iqtisadiyyata təsir edə biləcək qədər olmadığını bildirib: “Hər şeydən əvvəl bu, xatirə banknotlarıdır və hərhansı iqtisadi alıcılıq qabiliyyəti yoxdur. Bundan əlavə, Mərkəzi Bank devalvasiya və makroiqtisadi risklərin qarşısını almaq istəsə, bunu strelize edilmiş açıq bazar əməliyyatları, faiz koridorları, daha qısa zamanda daha effektiv nəticə verən metodlarla həyata keçirə bilər. Qaldı ki, 500 manatlıq əskinasların buraxılmasına, dünya praktikasına baxanda bu, o qədər də dövlətlərin arzuladığı bir hal deyil. Bunun üçün dövlətin hiperinfliyasiyaya sahib olmağı lazımdır. Almaniyada, Yuqoslaviyada və bir çox dövlətlərdə bu cür məqamlar gördük. Pul o qədər zəifləmişdi ki, mərkəzi banklar həddindən artıq çoxlu sıfırlar qoymaqla pullar emal edirdilər. Bu gün ölkəmizdə elə bir hal yoxdur. Avropa Mərkəzi Bankının da 2002-ci ildə 500 avroluq əskinaslar buraxdığını və 2019-cu ilə qədər davam etdirdiyini görürük. Bu isə qeyri-qanuni ticarət və terrorizmlə mübarizədə mənfi təsirlərə yol açdı. Bu səbəbdən də Avropa Mərkəzi Bankı 500 avroları tədavüldən çıxartdı”.

Məqsud Qubadlı devalvasiya riski ilə bağlı bir sıra amilləri də izah edərək, bu riskin yaxın zamanlarda olmayacağını qeyd edib.

“Statistikaya görə, rəsmi valyuta ehtiyatlarımız ötən illə müqayisədə daha çox olduğunu görürük, əmanətlərimizin yanvar ayı ilə müqayisədə artdığını və bu artım içərisində milli valyutanın hissəsinin xarici valyuta, xüsusilə də dollarla müqayisədə daha çox olduğunu görürük. Həmçinin real effektiv məzənnəmiz də eyni tendensiyanı qoruyur, tədiyyə balansımız müsbət saldodadır, uçot dərəcəmiz 7%-dir. Bu göstəricilər devalvasiyadan hərhansı xəbər vermir. Burada neft qiymətləri də rol oynayır. Çünki bizim xarici ticarətimizdə əsas məhsul neftdir. Bu gün isə neftin bir barelinin qiymətinin 80 dollardan yüksək olması hərhansı devalvasiya riskindən xəbər verdiyini düşünmürəm. Həmçinin manatın dövretmə sürəti də eyni olaraq qalır. Bu isə həm pul kütləsinə və pul bazasına olan təsirləri minimumda saxlayır”, - deyə ekspert söyləyib.

Makroiqtisadi vəziyyətin tənzimlənməsi üçün Məqsud Qubadlı Mərkəzi Bankın bir sıra üsullarını da xatırladıb: “Bundan başqa, Mərkəzi Bank makroiqtisadi tənzimləmə üçün müdaxilə etmək istədiyi zaman ən birinci alətlərdən olan Mərkəzi Bankın qısa müddətli notlarının adını çəkə bilərik. Bu isə ən aşağı səviyyədədir, Bu gün Mərkəzi Bankın notları 200 milyon manat təşkil edir və ilin əvvəlindən azalmağa doğru gedir. Əgər Mərkəzi Bank bazara müdaxilə etmək istəsə, ilk növbədə bu notların sayını artırıb, azalda bilər”.

 

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.