Bakı 13˚C Mostly sunny

ABŞ prezidenti Tayvanı Çinə qarşı qoruyacağına söz verib

Siyasət 18:53 25 okt, 2021

Co Bayden Çin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqtonun Tayvanı qoruyacağını bildirib. 

ABŞ prezidenti Tayvanı Çinə qarşı qoruyacağına söz verib

ABŞ Prezidenti Co Bayden Çin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqtonun Tayvanı qoruyacağını bildirib. 

Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, Bayden “Çinin mümkün hücumu halında ABŞ Tayvanı qoruyacaqmı?” sualına “hə” cavabını verib.

Baydenin açıqlamalarından sonra ABŞ-ın Tayvan siyasətində dəyişiklik edib-etmədiyi ilə bağlı suallar ön plana çıxıb. Ağ Evdəki mənbələr Baydenin açıqlamaları ilə ABŞ-ın Tayvan siyasətində heç bir yenilik və ya dəyişiklik elan etmədiyini qeyd edib.

Ağ Ev səlahiyyətliləri Birləşmiş Ştatların Tayvan Münasibətləri Qanununa görə götürdüyü öhdəliyi yerinə yetirməyə, Tayvanın özünümüdafiəsinə dəstək verməyə və status-kvonun birtərəfli şəkildə dəyişdirilməsinə qarşı çıxacağını bildirdilər.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin Baydenin açıqlamalarına yumşaq tonda cavab verib. O deyib ki, Birləşmiş Ştatlar Tayvan haqqında “mötədil danışmalıdır” və razılaşmalara sadiq qalmalıdır.

Pekinin tənqid səviyyəsinin aşağı olmasının gələn ay gözlənilən Bayden və Çin prezidenti Si Cinpin arasında keçiriləcək ilk liderlər sammiti ilə əlaqəli olduğu düşünülür.

Si Cinpin Tayvanın xalq tərəfindən seçilmiş hökumətinə qarşı diplomatik və hərbi təzyiqi artırdığı üçün Bayden administrasiyası Amerikanın Tayvanı müdafiə etmək öhdəliyinə aydınlıq gətirmək üçün artan çağırışlarla üzləşib. Pekin adanı öz ərazisinin bir hissəsi hesab edir və Tayvanı nəzarət altına almaq üçün hərbi gücdən istifadə etmək hüququnu özündə saxlayır.

ABŞ təxminən 40 il əvvəl Çin Xalq Respublikasını “Çinin yeganə rəsmi hökuməti” olaraq gördüyünü bəyan etsə də, Tayvanın suverenliyi və ABŞ-ın Tayvanı müdafiə edib-etməyəcəyi ilə bağlı mövqeyini açıqlamır. ABŞ-ın bu siyasəti “strateji qeyri-müəyyənlik” adlanır.

Birləşmiş Ştatlar Baydenin senator kimi səs verdiyi Tayvan Münasibətləri Aktı çərçivəsində Taypey ilə qeyri-rəsmi əlaqələri davam etdirir və silah satmağa davam edir.