Bakı 14˚C Sunny

Anti-Rusiya sanksiyaları Ermənistana birbaşa investisiyaları heçə endirə bilər

Gündəm 23:28 08 apr, 2022

Bundan az olmayan təhlükə idxalla bağlı yaşana bilər. Belə ki, Rusiya sanksiyalardan dolayı yaranmış vəziyyətlə əlaqədar olaraq şəkər və buğdanın Avrasiya İqtisadi Birliyinə ixracına qadağa qoyub. Ermənistan bu təşkilatın üzvlərindən biridir

Anti-Rusiya sanksiyaları Ermənistana birbaşa investisiyaları heçə endirə bilər

Azərbaycanla münaqişə vəziyyətində olması təxminən 30 illik bir zaman kəsiyində Ermənistanı regionda reallaşdırılan bütün meqa layihələrdən, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər Azərbaycanın təşəbbüskarlığı olduğu irimiqyaslı dəhlizlərdən kənarda qoydu. Ölkə faktiki olaraq regionun dalanı rolunu oynayır.

Azərbaycanla düşmənçilik etməsi, Türkiyə ilə sərhədlərin bağlı qalması, İranın sanksiyalar altında olması, Gürcüstanın isə tədarük üçün kiçik bazar olması ölkənin investisiya cazibədarlığını heçə endirir. Təsadüfi deyil ki, bu cür şəraitdə onun iqtisadiyyatına ən çox investisiya edən və onunla ticarət edən məhz Rusiya olub. Ötən il Ermənistanın cəlb etdiyi birbaşa xarici investisiyaların 67 %-i onun payına düşüb. Şimal qonşumuz bu zaman ilk növbədə əldə edəcəyi geosiyasi mənfəətləri əsas götürür. Bunun nəticəsində Ermənistan faktiki olaraq müstəqil dövlətdən Rusiyanın vassalına çevrilib və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bədəlini dolayısı ilə o da ödəməli olacaq. Bu, ilk növbədə özünü birbaşa xarici investisiyaların əhəmiyyətli dərəcədə azalmasında göstərəcək.

Belə ki, Rusiyanın büdcə gəlirlərinin 40 %-ə yaxınını təşkil edən neft-qaz sektoruna embarqo qoyulması təhlükəsi heç zaman olmadığı qədər realdır. Rusiya enerji daşıyıcılarının əsas tədarük bazarı olan Avropanın ayrı-ayrı ölkələri neft və təbii qaz alışını dayandırıblar. Analoji proseslər ölkəyə ikinci ən çox valyuta gəlirləri gətirən metallurgiya sektoru ilə bağlı da yaşana bilər.

Son illərdə Ermənistana birbaşa investisiyaların həcmi 250 milyon ABŞ dolları səviyyəsində olduğunu nəzərə alaraq, yaranan vəziyyət ilə bağlı ölkənin investisiya imkanları əhəmiyyətli dərəcədə azalacaq. Bu da öz növbəsində Ermənistan iqtisadiyyatına və əhalisinə birmənalı olaraq ciddi təsir göstərəcək.

Digər risklər qarşılıqlı ticarətlə bağlıdır. Rusiya onun əsas ticarət tərəfdaşıdır və idxal-ixrac əməliyyatlarında liderdir. Ötən il Ermənistan bu ölkəyə 847 milyon ABŞ dollarlıq məhsul satıb, 1 milyard 782 milyon ABŞ dolları həcmində məhsul isə alıb. Hesabat dövründə Ermənistan ixracının 28 %-i, idxalının üçdə biri Rusiyanın payına düşüb. Şimal qonşumuz hazırda analoqu olmayan sanksiyaların təsiri altındadır. Ölkədə ciddi inflyasiya prosesi gedir. İnflyasiya əhalinin gəlirlərini “yeyir”, alıcılıq qabiliyyətini aşağı salır. Bu isə Ermənistan mallarına Rusiya bazarında tələbin aşağı düşməsinə gətirib çıxara bilər.

Ölkənin qısa zamanda alternativ tədarük bazarları tapması mümkün deyil. Adətən yeni bazarların tapılması, ora girməsi, sabit logistika kanalı formalaşdırması və orada möhkəmlənməsi zaman alan prosesdir. O şərtlə ki, sənin məhsulun qiymət və keyfiyyət baxımından müsbət mənada digərlərindən fərqlənəcək. Ermənistan haqda bunu demək çətindir. Böyük ehtimalla Ermənistan uzun müddət yeni bazar axtarışında olacaq. Bu isə ölkənin ixrac potensialının azalması, gəlirlərinin aşağı düşməsi ilə müşahidə ediləcək.

Bundan az olmayan təhlükə idxalla bağlı yaşana bilər. Belə ki, Rusiya sanksiyalardan dolayı yaranmış vəziyyətlə əlaqədar olaraq şəkər və buğdanın Avrasiya İqtisadi Birliyinə ixracına qadağa qoyub. Ermənistan bu təşkilatın üzvlərindən biridir. Ötən il ölkəyə xaricdən gətirilən şəkərin 36 %-i, taxılın 97,7 %-i, buğdanın 99,4 %-i, buğda ununun 99 %-i, qarğıdalının 86,1 %-i Rusiyanın payına düşüb. Rusiyadan idxalın dayanması və ya azalması Ermənistan da defisit yaranması və qiymətlərin kəskin artması ilə nəticələnə bilər.

Yeni tədarükçüləri tapmaq Ermənistan üçün müşkülə çevriləcək. Belə ki, Ukrayna hərbi əməliyyatlardan dolayı anbarlarda olan taxıl və buğdanı fiziki olaraq xarici bazarlara çatdıra bilmir. Digər potensial satıcı Qazaxıstan isə taxıl və unun ixracını məhdudlaşdırır. Bu ilin 15 iyununa kimi ölkədən 1 milyon ton buğda, 300 min ton isə un çıxarmaq mümkün olacaq. Rusiyanın xüsusilə qərbdən məhsul tədarük etmək imkanları heçə enib. Ölkə ərazisində əsas tələbat mallarının bahalaşmasına yol verməmək üçün ilk növbədə daxili istehlakı təmin edəcək. Bu isə nəticə etibarı ilə Ermənistanın ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər formalaşdıra bilər. Artıq ölkədə istehlak səbəti bahalaşmağa başlayıb. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana bildirib ki, nəticədə əhalinin yoxsulluq səviyyəsi 27 %-dən 42 %-dək artacaq.

Sanksiyaların təsirlərini minimuma endirmək üçün həyata keçirilən tədbirlərdən və elə sanksiyaların özlərindən dolayı Rusiyada iqtisadi fəallıq aşağı düşüb. Bu əhalinin gəlirlərinə birbaşa olaraq mənfi təsir gösətirir. Nəzərə almaq lazımdır ki, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi Rusiyaya qazanc dalınca gedib.

Təsadüfi deyil ki, ötən il Ermənistana xaricdən köçürmələrin 41 %-i Rusiyadan həyata keçirilib. Söhbət 856 milyon ABŞ dollarından gedir. Həmin pullar Ermənistanda minlərlə ailənin gündəlik tələbatının ödənilməsini təmin edir. Rusiyadan transfertlərin əhəmiyyəti dərəcədə azalması ciddi sosial partlayışa səbəb olacaq. Bu sosial ödənişlərin artmasını və dəstək proqramlarının varlığını tələb edəcək.

Bütün yuxarıda deyilənləri nəzərə alsaq Ermənistanın dövlət büdcəsi böyük təziq altında olacaq. Mövcud durumda Ermənistan üçün ən optimal variant Azərbaycanla münasibətlərin normalaşdırılmasına nail olmaqdır. Bu Türkiyə ilə sərhədlərin açılması və qarşılıqlı ticarətin aktivləşməsi deməkdir. Eyni zamanda nəqliyyat kommunikasiyalarının bərpası ona tranzit gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Report