Bakı 10˚C Intermittent clouds

Aqşin Yeniseydən yeni roman - "Hərflərin vahiməsi"

Maraqlı 16:07 26 apr, 2022

Bu, Aqşin Yeniseyin sayca üçüncü romanıdır

Aqşin Yeniseydən yeni roman - "Hərflərin vahiməsi"

Şair, publisist Aqşin Yeniseyin yeni romanı çap olunacaq.

Qazet.az-ın verdiyi xəbərə görə, Qanun nəşriyyatında çap olunacaq “Hərflərin Vahiməsi” adlı romanı müəllif özü bu cür şərh edib:

“Çoxsəsli roman janrında yazılan “Hərflərin Vahiməsi”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.
 

İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil”.

Bu, Aqşin Yeniseyin sayca üçüncü romanıdır. Xatırladaq ki, kitab yaxın günlərdə kitab dükanlarında satışda olacaq.