Bakı 13˚C Sunny

"Artıq mənfur düşmənin qarşısında güclü ordusu, xalq birliyi olan Azərbaycan var" - Rais Rəsulzadə

Eksklüziv 18:02 04 noy, 2021

Azərbaycan xalqı, igid oğullarımız 44 gün ərzində qəhrəmanlıq göstərdi

"Artıq mənfur düşmənin qarşısında güclü ordusu, xalq birliyi olan Azərbaycan var" - <span style="color:red">Rais Rəsulzadə</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 6-cı gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın Əməkdar rəssamı Rais Rəsulzadə Qarabağ müharibəsindəki mühüm məqamlar və incəsənətin qələbənin təbliğatındakı rolu ilə bağlı Qazet.az-a müsahibə verib.

Rais Rəsulzadə

–  44 günlük Vətən müharibəsi sizin xatirinizdə necə qalıbdır?

–  Xatirələr dedikdə - bunlar xatirələr deyil, günlük yaşadığımız həqiqətlər idi. Həmin günlər hər bir azərbaycanlının yaddaşında ömürlük var olacaq. Unutmayaq ki, yaxın 200 illik tariximizdə ən nəhəng hadisələrdən biridir. 

Sizə deyim ki, 19-cu əsrin sonlarından başlayaraq Avropada ermənilərə dəstək olaraq məqalələr çap olunurdu. Həmin dövrdən onları Azərbaycana qarşı hazırlayırdılar. Elə ki, ermənilərin Azərbaycan ərazilərinə köçü başladı, həmin andan beynəlxalq səviyyədə dəstək gücü artmağa başladı. Bu siyasəti həm dini, həm hərb hesabı ilə həyata keçirirlər. 44 günlük müharibə türk tarixində mühüm yer almış oldu. Bir çox zamanlarda bizə qarşı qəbuledilməz qətliamlar olmuşdu və buna hər kəs göz yummuşdu. Amma bununla biz göstərdik ki, Azərbaycan xalqı, türk birliyilə zarafat belə etmək olmaz. Bununla da mən qürur hiss keçirirəm. Azərbaycan xalqı, igid oğullarımız 44 gün ərzində qəhrəmanlıq göstərdi.

Daim çalışırdıq ki, konflikt sülh yolu ilə həll edilsin və bunun üçün illərdir dözürdük. Amma sonunda səbr kasamız doldu və lazım olanı etdik. Bununla da ermənilər etdiklərindən uzun müddətlik çəkilməli olacaqlar və bu gündən anlayırlar ki, onların qarşısında güclü ordusu, xalq birliyi olan Azərbaycan var. Bu lazım olan idi. Ali Baş Komandan vaxtında qərar verdi və biz hərb yolu ilə torpaqlarımızı geri aldıq.


–  Yaxın günlərdə qələbənin 1 ili tamam olacaq. Bəs sizin fikirinizcə, bu 1 il ərzində Qarabağ “Böyük Qayıdışa” necə hazırlanıb?

–  Təbii ki, Qarabağda görülən işləri çox yüksək qiymətləndirirəm. Bu lazımdır, eyni zamanda isə bunu heç kim gözləmirdi. Bilinən odur ki, müharibədən sonra ölkələr özlərini toparlamağa çalışır, amma Azərbaycan müharibədən dərhal sonra qayıdış üçün lazımi hazırlıqları görməyə başladı. 
Müharibə qələbəsilə yanaşı, bu, ruhun da qələbəsidir. Gec-tez biz bunu bərpa edəcəyik və edirik.


–  Qələbədən sonra informasiya müharibəsi başlayır. Bəs Azərbaycan bu müharibədə hansı işləri görməlidir ki, burada da qələbəni təmin edə bilsin?

–  Ümumiyyətlə, informasiya müharibəsində güclü işlər görmüşük. Beynəlxalq səviyyədə həm əməllə, həmdə praktiki işlərin ortaya qoyulmasıla burada da uğur qazandıq Düzü bundan öncə informasiya müharibəsində də biz məğlub olurduq, amma hal-hazırda vəziyyət dəyişib. 

Xalqımızın birliyi, oğullarımızın vətən sevgisilə yanaşı biz informasiya müharibəsində apardığımız güc sayəsində də qələbimizə töfhə vermiş olduq. Bunu da unutmayaq ki, informasiya müharibəsində də eyforiyaya qapılıb özümüzü unutmamalıyıq. Qələbənin nəticələrini aqressiv şəkil hər kəsə çatdırmamalıyıq. Bununla da hər kəs bilməlidir ki, nəyə görə biz müharibə apardıq və kimlə biz müharibə etdik.


–  Öz yaradıcılığınızda qələbəyə necə yer verərsiniz?

–  Azərbaycanda bir çox sənətkarlar öz yaradıcılığında qələbəmizə, haqq davamıza yer verir və gözəl şəkildə təbliğat aparır. İlk zamanlara nəzər yetirsək bizə qarşı edilən cinayətkarlığın yaradıcılıqda ifadə edilməməsinə səbəb Azərbaycanın uzun müddət SSRİ-nin təsiri altında olmasında görürəm. Amma bundan sonra inanıram ki, hər bir yaradıcı insan öz yaradıcılığında qələbəmiz, haqq davamız öz əksini tapacaq.

Bunu da qeyd edim ki, bu məsələdə əsas məsuliyyət Mədəniyyət Nazirliyinin üzərinə düşür. Bu haqqda dərindən düşünüb, yeni yollar tapmaq lazımdır ki, görülən işlər öz təsdiqini ala bilsin.

Azərbaycan xalqı çox iqtidarlı xalqdır. Azərbaycan xalqının çox gözəl incəsənət bacarığı var və bunun sayəsində təbliğat işləri yüksək səviyyədə aparılmalıdır.


–  Dünən sizin doğum gününüz idi. Sizi bu münasibətlə təbrik edirik və bilmək istərdik ki, sizin doğum gününüzdə arzunuz nədir?

– İlk olaraq təbrikə görə təşəkkür edirəm. Bəli, 75 yaşımı qeyd edirəm və düşünürəm ki, bu ömrə layiq sərgi təşkil edim. Alınsa yaxşı olar və bu barədə düşünürəm. Alınmasa da nə etmək olar, amma çox şad olaram ki, alınsın. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.