Bakı 16˚C Partly sunny

"Azərbaycan əsgəri hər zaman qisasını döyüş meydanında aldı" - Şəmil Sadiq

Eksklüziv 19:20 09 okt, 2021

"Hərbçilərimiz qədər olmasa da, müharibənin qaynar vaxtlarına şahid olmuşam"

"Azərbaycan əsgəri hər zaman qisasını döyüş meydanında aldı" -<span style="color:red"> Şəmil Sadiq</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 32-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini Qazet.az-a müsahibəsində paylaşıb.

 

–  44 günlük Vətən müharibəsini necə xatırlayırsınız?
–  44 günlük vətən müharibəsi Azərbaycan üçün yenilənmə, yeni doğuluş anıdır və müharibənin başladığı gündən biz özümüz üçün iş adamalarıyla “Qələbəyə dəstək” adlı təşkilat yaratdıq. Məqsədimiz ordumuza, sərhəd bölgəsində insanlara müəyyən yardımlar etmək idi. Bununla da biz hər həftənin şənbə və bazar günləri qrupun müəyyən üzvləriylə lazımi yardım toplayıb, tırlarla həmin ünvanlara topladıqlarımızı çatdırırdıq. Bu zamanlarda həqiqətən də mən çox qəribə hisslər içindəydim. Bəzən düşünürdük ki, müharibənin olmasını hamı istəməz, yaxud müharibədə istər-istəməz şəhid verəcəyik deyə insanlarda qorxu olar. Bu istənilən halda mümkündür, amma həmin dövrdə ölkədə xalqın, ordunun, dövlətin görünməz şəkildə birliyinin şahidi olduq. Həmin 44 gündə kiminsə hansısa qorxusu olmadı. İnsanların başına raket düşdü, yenə də qorxub gedən olmadı. Buda məhz 30 ildə insanların içindəki arzunun reallaşmasıydı ki, hamını birləşdirdi.

 

–  İkinci Vətən müharibəsi zamanı yadda qalan anlarınızı paylaşa bilərsinizmi?
–  Maraqlı və yaddan qalan an budur ki, biz Beyləqanda hərbi hissəyə yardım aparmışdıq. Həmin ərəfədə mən də hərbi paltar geyinmişdim. Ünvana çatdıq, maşınları saxladıq yükləri endirəndə oraya köhnə “jiquli” markalı maşın yaxınlaşdı. İçindən 50-55 yaşlarında bir kişi düşdü. Mənə yaxınlaşdı ki, komandir mənim də azuqəm var, nə edə bilərəm?! Mən də dedim yaxınlaş ora sənə kömək edəcəklər. Qoluma girib məni kənara çəkib deyir ki, komandir məndə azdır, utanıram onu verməyə. Deyirəm ki, niyə utanırsan?! Niyə azdır?! Deyir ki, bəs camaat maşın-maşın gətirir, məndə azdır. Mən də dedim sən öz imkanına görə ən böyüyünü edirsən. Qayıtdı ki, yox mən onu verim sizə, qoyun o biri qutuların arasına göndərin. Maşının arxasını açdı və arxadan balaca bir qutu çıxardı. İçində 4 dənə su, 2-3 dənə peçenik, 2 tütün paçkası var idi. Bunu deməkdə məqsədim nə idi desəniz, bax budur xalqımızın hər bir fərdi bu birlikdə əlindən gəlidiyi qədər dəstək olmağa çalışırdı.

Başqa bir vətəndaşımız Suqovuşan tərəfdə demək bir böyük qab bal gətirmişdi, bir kisə də qoz təmizləyib gətirmişdi. Həmin ərəfələrdə müəyyən şokoladlar varıydı ki, onlardan əsgərlərə verdilər ki, yesinlər. Həmin adam əsgərlərə deyirdi ki, onlar kimyəvi maddələrdi yeməyin. Balla qozu qarışdırıb çörəyin arasına qoyub verirdi əsgərlər yesin və bunların hamısını özü edirdi. Bu da məhz həmin dövrdə ordunun, dövlətin, xalqın bir olmasının nümunəsidir. Bu da sözsüz ki, içi mən daxil hər kəsi sevindirirdi. Azərbaycan ordusunun, sıravi vətəndaşının geri çəkilmədən hərəkət etməsi, mənim fikrimcə Azərbaycan xalqını dünyaya yenidən tanıtdı. Xalq, toplum olaraq ümumi özgüvən vaksini vuruldu sanki, çünki həmişə tarix boyu torpaq itirmişik. Son 200 ildə Azərbaycan bir ilkə imza atdı, yenidən haqqı olanı geri aldı. Azərbaycan xalqı göstərdi ki, daxilində haqq üçün döyüşmək istedadı, sevgisi var. Bu da bir sıra nikbin insanlara nümunə oldu. Onlar bizim qələbəmizə dırnaq arasında baxırdılar və gördükləri qələbə onların fikirlərini yanıltmış oldu.

 

–  Bildiyimiz kimi, Ermənistan tərəfi müharibə zamanı mülki insanlara qarşı da təxribatlar etdi. Bununla bağlı fikirləriniz nədir?
–  Azərbaycan haqq savaşıyla yanaşı, ədaləti bərpa etdi. Müharibə dövründə bizim müşahidə etdiyimiz o idi ki, ermənilər mülki insanlara atəş açaraq Azərbaycan Ordusunun da mülki insanlara atəş açmasına nail olub, sonra bizi adımızı döyüşlərdə zəiflətmək məqsədilə gücləri çatan mediada bununla bağlı xəbərlər yaysınlar. Amma istədiklərini heç cür əldə edə bilmədilər. Buna səbəb isə Azərbaycan Ordusunun döyüş meydanında ər oğlu kimi döyüşməsiydi. Azərbaycan əsgəri hər zaman qisasını döyüş meydanında aldı.

 

–  İkinci Qarabağ müharibəsi bizə nələr qazandırdı?
–  Qürurlu bir tarix yaşadıq və biz artıq zəfərin insanlarıyıq. Deməli mən orta məktəbdə oxuyanda hər gün, hər həftə, hər ay bir torpağımızı itirməyimiz xəbəri gəlirdi.  Amma mənim övladlarım 44 günün hər bir günündə yeni bir torpağımızın işğaldan azad edilməsini görmüş oldular. Keçimiş məğlubiyyətdən qalan travma bizdə ruh düşkünlüyü yarada bilirdi? amma indi qazanılan qələbəmiz gələcəyimizə bir stimuldur. Azərbaycan ordusunun tarixə yazdığı qələbə hər bir Azərbaycan vətəndaşına möhtəşəm bir an yaşatdı.

 

–  Şuşanın azad edildiyi gün hansı hisslər keçirdiniz?
–  Mən 2012-ci ildə “Od Ərlər” romanın yazmışam və həmin dövrdə Şuşada olmuşam, yəni roman təxəyyülüylə. Romanda əsgərlər tapşırıqla Şuşanı işğaldan azad edir, bayraq sancır Şuşa qalasına və cənab Prezidentə video çəkib, “Ali Baş Komandan Şuşanı azad etdik” deyirlər. Mən bunu 10 il bundan öncə təxəyüllə yaşamışam və həmin anı canlı görmək başqa bir zövq idi. Bunu doya-doya təbliğ etmək, tanıtmaq,  şəhidlərimizi anmaq, şəhidlərimizə dəstək olmaq hər birimizin borcudur.

 

–  Şuşada olmusunuz? Mədəniyyət paytaxtımız haqqında fikirləriniz nədir?
–  Şuşada olmamışam, amma müharibə ərəfəsində Zəngilana qədər getmişəm. Bu tərəfdən isə Suqovuşana qədər. Döyüş zamanı həmin ərazilərdə olub yardımlar aparırdıq. Düzdür, hərbçilərimiz qədər olmasa da, müharibənin qaynar vaxtlarına şahid olmuşam. 
Şuşa mənim üçün füsünkarlıq abidəsidir. Son zamanlar turlar və ya bir sıra tədbirlər keçirilir ki, orada onları izlədikdə qürur hissi keçirirəm. Mənə elə gəlir ki, mən Şuşanı hardasa yaşamışam. Mən özüm Qarabağlı deyiləm, amma bayaq dediyim kimi yazdığım romanı oxuyan hər kəs deyir ki, “ola bilməz, sən Şuşanı tanıyırsan”. Hətta çox maraqlı fakt nə idi, deməli Araz Kərimov adında hərbçimiz var. Şuşa azad olunandan sonra mənə zəng gəldi ki, bəs sizi axtarırlar. Həmin hərbçi mənə zəng vurub ki, bəs Şəmil müəllim mən Arazam, bu tarixdə kitab hədiyyə etmişdiniz. Mənə deyir ki, Şəmil müəllim, biz Şuşaya sizin yazdığınız kimi girdik. Mən isə dedim, Araz bir az şişirtmə (gülür), mən hərbçi də deyiləm, mənim yazdığım kimi necə ola bilər. O qayıtdı ki, yox. Bəs polis bölməsinin içərisindən keçdik, qalanın arxasındakı sıldırımlardan qalxdıq. Bu isə mənim üçün böyük bir qələbə idi. Mən daxilimdə yaradıcılığımla qələbəni qazanmışam. 
Şuşa artıq müqəddəs məkandır. Onun içində bir simvolika var. Düzdür, Kəlbəcər, Laçın Şuşadan daha gözəldir, amma hər torpağın, bölgənin simvolik bir rəmzi var. Şuşa da Azərbaycanın mədəni tarixinin simvoludur.

 

–  Şuşaya gedəndə ilk gedəcəyiniz yeri hara olar?  
–  Bunu eksklüziv olaraq sizə deyirəm. Arada Şuşaya gedənlərə baxıram ki, hələ də oraya getməyiblər. Deməli Cıdır düzünün altında bir kaha var. Mən bunu romanda da yazmışdım. Yeraltı mağaradır və bir az da mistikası var. Hər dəfə gözləyirəm kimsə gedib həmin qapını tapacaq, yoxsa yox. Yəqin hələ ki, məni gözləyir, mənim də Şuşanı görmək üçün ən yaxınlarda Qarabağ torpağına səfərim olacaq. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.