Bakı 7˚C Sunny

Azərbaycan lideri: "Əfqanıstanda müsbət meyil gördüyümüz halda adekvat şəkildə cavab verəcəyik"

Siyasət 15:53 13 okt, 2021

 İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Azərbaycan lideri: "Əfqanıstanda müsbət meyil gördüyümüz halda adekvat şəkildə cavab verəcəyik"

"Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

"Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq", - dövlət başçısı bildirib.