Bakı 13˚C Sunny

"Azərbaycan xalqı qürur duyulası xalqdır" - Müşfiq Xan

Eksklüziv 16:07 10 okt, 2021

Həmin gün mən də hər bir azərbaycanlı kimi Qarabağ, Şuşa deyib sevinirdim

"Azərbaycan xalqı qürur duyulası xalqdır" - <span style="color:red">Müşfiq Xan</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 31-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan yazıçısı Müşfiq Xan İkinci Vətən müharibəsi və müharibənin bədii romanlarda olan rolu ilə bağlı Qazet.az-a müsahibə verib

 

–  Ötən ilin 27 sentyabr tarixində başlayan haqq davasıyla bağlı nə düşünürsünüz?
–  44 günlük Vətən müharibəsi başlayandan mən bütün prossesləri izləyirdim. Müharibənin başlayacağına artıq Azərbaycan xalqı hazır idi. Aprel döyüşləri ondan sonra Tovuz hadisələri göstərirdi ki, “Döyüşə” komandası yaxın zamanda veriləcək. Xalqımız artıq 30 ilə yaxını idi ki, bu xəbəri gözləyirdi və hər bir kəs bilirdi ki, bundan sonra torpaqlarımızın qayatırlması üçün tək yol var, o da müharibə. Düzdür, müharibə başlayanda cəmiyyətin az bir qismində düşkün əhval-ruhiyyə var idi. Buna səbəb kimi isə Azərbaycanın ordu quruculuğunun zəif olması və hərbi texniki bazanın zəif olmasını göstərirdilər. Bu avazdan çıxış edib deyirdilər ki, biz ermənilərə və onların havadarlarına məğlub olacağıq. Amma Azərbaycan Ordusu öz gücü, biliyi və malik olduğu hərbi texnikayla hər kəsə bildirdi ki, qarşısında heç bir ordu dayana bilməz. 
Müharibə varsa itkilər də olur, habelə hücum edən tərəfsənsə, bu itki sayı daha çox olur, amma Azərbaycan ordusu az sayda itki verdi. Buna səbəb isə lazımi hərbi texnikanın olması və həmin texnikanı idarə etmə biliyinin olması üstünlüyü idi. Hərçənd ki, heç birimiz istəməzdik ki, itkilərimiz olsun, amma döyüşə gedərkən də bunu gözə alıb getmişdik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, onların valideyinlərinə, yaxınlarına səbr diləyirəm, qazilərimizə isə can sağlığı, acil şəfalar diləyirəm. Azərbaycan ordusu öz gücü ilə nəinki bəzi gücümüzə şübhə edən insanlara, bütün dünyaya sübut etdi ki, haqqımız olanı qanla da olsa alarıq.


–  Şuşanın işğaldan azad edildiyi gün hansı hisslər keçirdiniz?
–  Bunu sözlə ifadə etmək olmaz. Habelə bunu qələmi əlinə alıb kağıza yazmaq belə mümkün deyil. Düzdür, mən heç bir halda deyə bilmərəm ki, bütün Azərbaycan xalqından daha artıq sevinmişəm. Çünki otuzillik torpaq həsrəti hər birimizin köksündə yara olmuşdu. Həmin gün bütün Azərbaycan sevinc içindəydi. 
Qarabağ dedikdə bu, bizə otuzillik bir yuxu kimi gəlirdi. Cəmiyyətimiz Qarabağın azadlığı mövzusunda bu günə kimi çoxlu kitablar oxuyub, filmlər izləyib. Hər birində isə Qarabağ azad olacaq, Şuşa bizə qayıdacaq deyilirdi və həmin gün “Şuşa sən azadsan”, deyildikdə, sanki bizə 30 ildə verilən vədlər real oldu.
Özüm Qarabağlı deyiləm amma həmin gün mən də hər bir azərbaycanlı kimi Qarabağ, Şuşa deyib sevinirdim. Bunu sözlə ifadə etmək həqiqətən də çətindir. Şükürlər olsun ki, biz bunu bacardıq. İstər cəmiyyətimizdə, istərsə də güvəni itmiş müəyyən bir kəsim də qələbəmizdən sonra Azərbaycan xalqının birliyinə və dövlətçiliyinə bir əminlik yarandı. Qələbəni ordumuzun gücü, xalqımızın birliyilə qazandıq və 2021-ci ildə zəfərimizin 1 illiyini qeyd edirik.
Azərbaycan xalqı qürur duyulası xalqdır və bununla daim yüksəklərdə olacağıq. Birliyimiz əbədi və daimi olsun.


–  Qələbəmizi bədii priyomlarda necə ifadə edəcəksiniz?
–  Deməli, 2012-cı ildə “Xocalı faciəsi”nin 20-ci ildönümündə daha bir müəlliflə “Ümidlərin izilə” adlı roman yazmışdıq. Onda mən düşünmüşdüm ki, qələbəmizdən sonra “Ümidlərin qələbəsi” adlı həmin romanın ardını yazım. Hazırda da elə həmin düşüncədəyəm ki, yaxın zamanlarda belə bir romana başalayacam.

 

–  Zəfər tariximiz bədii film və romanlarda necə əks olunmalıdır?

- İkinci Vətən müharibəsindən öncə bu mövzuda çəkilən filmlər çox olub, amma həmin filmlər qələbə duyğulu deyil, məyusluğumuzu əks edib. Düşünürəm ki, bundan sonra sadəcə Azərbaycan tamaşaçıları üçün deyil, ölkə kənarındakı tamaşaçılara və dünya əhəmiyyətli festivallara təqdim olunacaq filmlər çəkilməlidir. Həmin filmlərdə isə İkinci Vətən müharibəsinin mahiyyəti və şanlı zəfərimiz əks olunmalıdır.

Bədii romanlar olaraq isə demək olar ki, bir çox müasir yazarlar tərəfindən qısa müddət ərzində bir neçə əsərlər ərsəyə gətirilib. Habelə məktəblərdə “Zəfər tarixi” adlı dərsliklər təhsil sistemimizə əlavə edilib və bu təqdirə layiq addımdır. Vacibdir, çünki bu gün bizlər gəncliyimizə və gələcəyimiz olan övladlarımıza haqq savaşımızı düzgün çatdırmalıyıq. Bununla onlar da öz gələcəklərinə tarixi haqq savaşımızı və Azərbaycan xalqının qəhrəmanlıqlarını aşılaya biləcəklər. Məhz vətənpərvərlik də buradan başlayır. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.