Bakı 16˚C Partly sunny

Azərbaycanda artan inflyasiya və bunun mümkün təsirləri - Ekspert Rəyi

Eksklüziv 19:35 22 okt, 2021

“Hökumətin prosesi tənzimləmək üçün əlində kifayət qədər imkanlar var”

Azərbaycanda artan inflyasiya və bunun mümkün təsirləri - <span style="color:red">Ekspert Rəyi</span>

Son dövrlərdə dünyada iqtisadi çətinlik nəzərəçarpan səviyyədədir. Buna göstərilən səbəblər isə müxtəlifdir. Avropada və dünyada elektrik enerjisinin və qazın qiymətləri olduqca yüksək həddə çatıb. Bu barədə Qazet.az-ın ötən günlərdə etdiyi araşdırmada isə, həm iqtisadçı ekspert Natiq Cəfərli, həm də professor, iqtisadçı-ekspert Elşad Məmmədov ortaq mövqe sərgiləyərək Azərbaycandakı Tarif Şurası artımlarının dünya bazarları ilə əlaqəsiz olduğunu bildirmişdi.

Bu dəfə isə araşdırma mövzumuz Azərbaycanda artan kommunal xidmət qiymətləri fonunda bunun əhaliyə edəcəyi mümkün təsirlərini dəyərləndirdik. Artan kommunal xidmət qiymətləri ilə yanaşı bazarda da əhali günlük yaşayışında inflyasiya təsirlərini öz büdcəsində hiss etməkdədir. 

Qazet.az-ın suallarını cavablandıran iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin fikrincə, reallıq ondan ibarətdir ki, ölkədə əksər məhsullar üzrə qiymət artımı müşahidə edilir və bu artımın önəmli hissəsi də idxal inflyasiya hesabınadır. Xaricdə artan kommunal xidmət qiymətlərində artım nəticəsində idxal olunan malların da qiyməti daxili bazarımızda daha yüksək qiymətlərə satılır. Çünkü dünya bazarında həm enerji daşıyıcılarının, həm də qida məhsullarının qiyməti ciddi şəkildə artıb. 

Ekspertin fikrincə bu ilin yanvar-sentyabr ayrlarında Dövlət Statistika Komitəsinin göstərdiyi 5,2%-lik inflyasiya rəqəminin bu ilin sonuna qədər artacağı gözləniləndir.  

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC müəllimlərinin  reytinqində dördüncü – i.f.d. Elşən Bağırzadə
Elşən Bağırzadə, iqtisad üzrə fəlsəfə doktoru, UNEC

“Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr ayları ərzində 5,2%-lik inflyasiya qeydə alındığını elan edib. Fikrimcə, ilin sonuna qədər statistika komitəsi daha yüksək bir rəqəm açıqlayacaq. Ancaq təəssüf ki, hazırda Azərbaycanda inflyasiya səviyyəsini müəyyən edən alternativ hesablamalar yoxdur. Buna görə də konkret bir rəqəm açıqlamaq çətindir. Reallıq isə bundan ibarətdir ki, ölkədə əksər məhsullar üzrə qiymət artımı müşahidə edilməkdədir, bu artımın önəmli hissəsi də idxal inflyasiya hesabınadır. Buna səbəb dünya bazarında həm enerji daşıyıcılarının, həm də qida məhsullarının qiymətinin ciddi şəkildə artmasıdır” - deyə Elşən Bağırzadə bildirib.

Məlumdur ki, işıq və qaz qiymətlərində artım şübhəsiz ki, Azərbaycan əhalisinin aztəminatlı qisminin ev təsərrüfatları büdcəsinə mənfi təsir göstərəcək. Hətta bu artım yerli istehsalın bahalaşmasını da müəyyən qədər səbəb ola bilər. 

Tarif Şurasının yeni qiymət artımlarından dərhal sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə gələn ildən maaş və müavinətlərin artırılması planlaşdırılır. 

Bəs bu gözlənilən artımlar sadəcə yaranacaq vəziyyəti kompensasiya etmək üçünmü nəzərdə tutulub? Və yaxud bu ödənişlərdə ediləcək artımlar əhalinin real büdcəsində fərq gösətərəcəkmi? 

Elşən Bağırzadə düşünür ki, bu artımlar növbəti büdcə ilində olacaq və hökumətin prosesi tənzimləmək üçün əlində yetərli imkanlar mövcuddur.

“Nəzərə alınmalıdır ki, enerji daşıyıcılarının qiymətinin artması fonunda Azərbaycanın ixrac gəlirləri də artır. Belə olan halda isə, hökumətə daha geniş sosial proqramlar həyata keçirməyə yeni imkanlar yaranır. Artıq bu istiqamətdə hökumət nümayəndələrindən açıqlamalar da edilib. Amma bilinməlidir ki, bu artımlar növbəti büdcə ilində olacaq və hökumətin prosesi tənzimləmək üçün əlində kifayət qədər imkanlar var. Məhz bu səbəbdən maaş və pensiyaların artımının sırf inflyasiya artımına xidmət edəcəyini düşünmürəm” - deyə ekspert vurğulayıb.

 

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.