Bakı 11˚C Windy

Azərbaycanda QİÇS-ə qarşı mübarizə necə aparılır? - Qızıl Aypara rəsmisi

Eksklüziv 13:37 02 dek, 2021

QAC rəsmisi QİÇS xəstələrinə qarşı xüsusi yanaşmaq lazım olduğunu bildirib

Azərbaycanda QİÇS-ə qarşı mübarizə necə aparılır? - <span style="color:red">Qızıl Aypara rəsmisi</span>

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. 40 milyona yaxın daşıyıcısı olan Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) infeksion xəstəliklər sırasında ən ciddi problemlərdən biri hesab edilir.

Azərbaycanda ilk dəfə QİÇS-ə yoluxma 1992-ci ildə qeydə alınıb. Son zamanlar aparılan ciddi mübarizələrin nəticəsində 2012-ci ildə 2005-ci illə müqayisədə bu xəstəlikdən ölüm hallarında 29% azalıb.

Azərbaycanda QİÇS-lə mübarizə üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, bir sıra qurumlar da bu işdə böyük əməyə sahibdirlər.

Qazet.az Azərbaycanda QİÇS-lə mübarizə ilə bağlı Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Səbinə Məhbubinin fikirlərini alıb.

“QİÇS digər sağlamlıq məsələləri kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət dairəsinə daxildir. Cəmiyyətin missiyasına uyğun olaraq maarifləndirmə işləri aparılır. Burada həm mövzu, həm də vəziyyət ətrafında məlumatlar verilir. Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələrinin vasitəsilə kütləvi şəkildə tədbirlər təşkil olunur. Cəmiyyətin Səhiyyə Nazirliyi ilə razılaşması əsasında birgə tədbirlər təşkil edilir. Misal üçün yoxlama tədbirləri həyata keçirilir, həkim və mütəxəssislər cəlb edilir və təhsil ocaqlarında bu məsələ ilə bağlı məruzələr verilir. Burada məqsəd gənclərin maarifləndirilməsidir”

Səbinə Məhbubi
Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini

 

Rəsmi statistikalar ölkədə QİÇS-dən ölüm saylarının aşağı olması ilə bağlı müsbət göstəriciyə malikdir. Bu barədə danışan QAC rəsmisi rəqəmlərin aşağı düşməsini işin dövlət səviyyəsində intensiv və istiqamətli olaraq aparılmasının nəticəsi kimi izah edib: “Eyni zamanda, biz Qızıl Aypara Cəmiyyəti olaraq insanların daha bilikli və bacarıqlı olmasını istəyirik ki, nəticədə bu say aşağı düşsün”.

Bu virusla bağlı yoluxma məsələsində həm də psixoloji tərəflər də var. Belə ki, cəmiyyət tərəfindən bu cür insanlar bəzən birmənalı qarşılanmır. QAC İcraçı katibinin müavini Cəmiyyətin adından insanlara qarşı diskriminasiyanın edilməsinin əleyhinə olduğunu bildirib.

“İnsanlara qarşı dözümlü və diqqətli yanaşmanın tərəfdarıyıq. Bizim tərəfimizdən maarifləndirmə və bilik bacarıqların artırılması olmalıdır. Xəstəliyə yoluxan  insanlara xüsusi diqqətlə yanaşmaq lazımdır. Fəaliyyətimiz çərçivəsində bu cür vəziyyətlə rastlaşmışıq. Ümumiyyətlə, QİÇS müxtəlif şəraitlərdə yoluxur və qanla keçir. Bu, təkcə insanın özündən asılı deyil ki, hansısa qınaq olsun. Lakin insanlar yoluxma haqqında bilməlidirlər ki, daha diqqətli olsunlar. Onlar həm özlərini, həm də digərlərini qorumalıdırlar. Bizim tərəfimizdən belə bir məram aşılanır”, deyə Səbinə Məhbubi fikrini tamamlayıb.

 

Ülvi Əhmədli