Bakı 21˚C Mostly cloudy w/ showers

Azərbaycanın bu kəndinə ilanlar HÜCUM ETDİ - FOTO

Cəmiyyət 19:22 09 avq, 2022

Keçmiş cəbhəyanı kənd olan Qapanlının müəyyən hissəsi hələ də minalı olduğundan orada ilanların artması üçün münbit şərait var.

Azərbaycanın bu kəndinə ilanlar HÜCUM ETDİ - FOTO

Tərtərdə ilanlar yaşayış məntəqəsinə hücum edib.

Qazeta.az xəbər verir ki, rayonun Qapanlı kəndi ilanların hücumuna məruz qalıb.

Keçmiş cəbhəyanı kənd olan Qapanlının müəyyən hissəsi hələ də minalı olduğundan orada ilanların artması üçün münbit şərait var.

Kənd ərazi nümayəndəsi Lətif Həmidov açıqlamasında bildirib ki, son günlər yerli sakinlər və heyvanlar arasında ilansancma hadisələri mütəmadi hal alıb.

Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov açıqlamasında deyib ki, ola bilər ki, kəndin ətrafında ya şumlama işləri, ya da söküntü-tikinti işləri aparılıb: “Bu cür xarici təsirlər ilanları müvəqqəti olaraq öz yaşayış yerini tərk etməyə sövq edir”.

O əlavə edib ki, isti, quraq ərazilərdə ilanlar çox olur. İlanların yaşayış ərazisində müşahidə edilməsinə gəldikdə isə, alim bunu o ərazidə məskunlaşmanın az olması ilə əlaqələndirib: “Giriş-çıxışı çox olan, səs-küylü yerlərdə ilanlar olmur”.

Alimin sözlərinə görə, ilanlar siçan-siçovul, qurbağa və kərtənkələ olmayan, abad yerlərə gəlmir: “Onlar üçün gizlənə biləcək yerlərin olmamasına da diqqət etmək lazımdır. Daş, ot qalağı ilanın rahatlıqla gizlənə biləcəyi yerlərdir. İlanlar iyə həssas olduğu üçün onun sevmədiyi qoxulardan istifadə etmək olar. İlanlar nəfəs yollarını qıcıqlandıran istənilən iydən qaçır. Neft, sarımsaq, kükürd kimi məhsulları əraziyə səpdikdə ilan o əraziyə yaxın gəlmir. Lakin bu müvəqqəti həldir. İy uçub getdikdən sonra təbii ki, təsiri də itir”.

Təvəkkül İskəndərov ilanları zəhərləmək üsulunun mümkünsüzlüyündən də danışıb: “İlanlar diri, qoxusu üstündə olan canlılarla qidalanırlar. Qurbağa, siçovul, quş balası, kərtənkələ yeyirlər. Buna görə də onları zəhərləmə yolu ilə öldürmək mümkün deyil”.

Alim onu da qeyd edib ki, bu ərazilərdə yalnız gürzə kimi zəhərli ilana rast gəlinə bilər. Digər ilan növləri isə nə qədər aqressiv olsa belə, insana ziyan verə bilməz.(APA)