Azərbaycanın XİN başçısı İtaliya Senatının komissiya sədri ilə görüşüb
Siyasət17:2212 aprel, 2021

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb

title
Bizi-da oxuyun

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qazet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu xüsusda nazir, Azərbaycan Respublikasının dövlət başçısının ötən ilin fevral ayında İtaliyaya dövlət səfəri, səfər çərçivəsində əldə edilmiş razılaşmaları, o cümlədən çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamənin imzalanmasını vurğulayıb.

Ölkələr arasında, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən bəhs olunub. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra əməkdaşlığın daha fəal şəkildə davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir İtaliya parlamentarilərinə münaqişə sonrası bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında beynəlxalq hüquq prinsiplərinə ciddi hörmət əsasında münasibətlərin normallaşdırılması imkanları barədə məlumat verib. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri də qarşı tərəfin diqqətinə çatdırıb və bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərməsi, Azərbaycanın hərbçiləri və mülki şəxsini qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyi və hazırda onlarla bağlı cinayət işinin aparıldığı, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib. Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən ağır şəkildə minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini Komissiya sədrinin diqqətinə çatdırıb. Bəzi Avropa parlamentarilərinin məsələnin mahiyyətinə varmadan və Azərbaycan tərəfindən təqdim edilən faktlara rəğmən, bu mövzuda tamamilə əsassız çağırışlar irəli sürüdüyünü qeyd edən nazir, İtaliyanın simasında dost ölkələrin nümayəndələri vasitəsilə beynəlxalq ictimaiyyətin bu məsələdə dürüst şəkildə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

İtaliya Senatının Komissiya sədri Vito Petroçelli əhəmiyyətli məlumata görə təşəkkür edib və İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr, bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib. O, həmçinin ikitərəfli münasibətlərin hərtərəfli inkişafını perspektivlərini qeyd edib.

Görüşün sonunda nazir Ceyhun Bayramov İtaliyalı həmkarı Luici di Maioya səmimi salamlarını çatdırıb.

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0