Bakı 10˚C Sunny

Banklar kredit faizlərini hansı halda aşağı salacaq? AÇIQLAMA

Gündəm 18:39 11 may, 2022

Bunun üçün şərait yarada bilər

Banklar kredit faizlərini hansı halda aşağı salacaq? AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı pul siyasətilə bağlı təhlillər və təkliflər hazırlandığını, bura kredit faizlərinin aşağı salınması məsələsinin də daxil edildiyini açıqlayıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov hazırda maliyyə sektoru ilə bağlı işlərin aparıldığını bildirilib.  O, bu zaman bank faizlərinə baxılmasının da əsas prioritetlərdəndən olduğunu vurğulayıb.

Bəs, Azərbaycan kommersiya banklarında kredit faizləri hansı həddə qədər aşağı salına bilər?

Bu barədə  danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın kredit faizlərini aşağı salmaq kimi səlahiyyəti yoxdur.

Ekspert deyib ki, Mərkəzi Bank ancaq hazırda  9,75 faiz olan uçot dərəcəsini aşağı sala bilər:

“Mərkəzi Bank aşağı faizlə kommersiya banklarına manatla uçot dərəcəsi səviyyəsində kredit verə bilər. Uçot dərəcəsini 4-5 faizə çəkə bilər. Müqavilə və ya razılaşma ola bilər ki, Mərkəzi Bank aldığı vəsaitlərin üzərinə 2-3 faiz qoymaqla kreditlərə yönləndirsin. Yəni Mərkəzi Bankın edə biləcəyi bura qədərdir.

Ona görə də Mərkəzi Bank kommersiya banklarına  kredit faizlərinin aşağı çəkilməsi barədə əmr verə bilməz. Ancaq təşviq addımları ilə  bunu edə bilər. Bu da çox vacibdir. Çünki Azərbaycanda istər istehlak, istərsə də, biznes kreditləri çox yüksək faizlərlədir. Bu da  iqtisadiyyatın qarşısında duran əsas problemlərdən biridir. Yəni kommersiya kreditləri o qədər yüksək faizlə təklif edilir ki, iş adamlarına çox zaman bu sərf etmir. Kommersiya kreditlərinin müddəti də azdır. Yəni 2-3 illik kreditlər verilir. Bəzi iş adamları var ki, onlara daha uzunmüddətli kreditlər lazımdır. Məsələn, istehsalla məşğul olmaq istəyənlər anlayırlar ki, bir neçə il vəsaiti ancaq istehsalın qurulmasına xərcləyəcəklər. Həmin illər ərzində kredit faizlərini ödəmək onları əvvəlcədən uduzmuş hala gətirir.  Ona görə də, bu problem həllini tapmalıdır”.

N.Cəfərli qeyd edib ki, proses biznes və bazar iqtisadiyyatına uyğun aparılmalıdır:

“Mərkəzi Bank əsas olaraq uçot dərəcəsi ilə bağlı ciddi qərarlar verməlidir. Uçot dərəcəsinin aşağı salınması kommersiya banklarının ucuz  kredit resurslarına çıxışını asanlaşdıra bilər. Mərkəzi Bank kommersiya banklarına əmr verə bilməz ki, 5 faizlə kredit verin. Bunun üçün şərait yarada bilər”.