Bəşəriyyətin sonunu gətirə bilən NÜVƏ TƏHDİDİ
Rusiya nüvə silahından istifadə edərsə, bəşəriyyəti nələr gözləyir?
“Rusiya nüvə silahından istifadə edərsə, yüksək dozada radiasiya qonşu ölkələrə də təsir edəcək”- tanınmış radioloq
Rusiya prezidenti Vladimir Putinin iki gün öncə nüvə silahı ilə bağlı verdiyi tapşırıq dünyanı təşvişə salıb. Belə ki, Putin müdafiə naziri və Baş Qərargah rəisinə mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib. Putin nüvə hazırlığı ilə bağlı əmrini NATO-dan gələn təhdidlərə cavab olaraq verdiyini bəyan edir. Bir çox müşahidəçilər isə bunun, sadəcə, bir hədə olduğunu düşünsələr də, Putinin belə kritik addıma gedə biləcəyini istisna etməyənlər də var.
Rusiya nüvə silahından istifadə edərsə, bəşəriyyəti nələr gözləyir?
Qeyd etmək yerinə düşər ki, nüvə silahları bütün ölkələr üçün qorxuludur və buna görə də belə silahı olan ölkələr digərləri üzərində müqayisəsiz hegemonluq edə bilirlər. Stokholm Beynəlxalq Sülh İnstitutu və Amerika Elm Adamları Federasiyasının birgə apardığı araşdırmalara görə, hazırda dünyada 9 ölkədə nüvə silahı var. Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var.
Yada salaq ki, Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Bu, İkinci Dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və on minlərlə insanın ölümünə səbəb olub.
Tanınmış həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı mediaya bunları şərh edib: “Nüvə bəşəriyyətin ən təhlükəli silahıdır. Çünki nüvə silahı istifadə edilən zaman, o partlayan zaman hədsiz, yüksək dozada radiasiya əmələ gəlir. Radiasiya isə təksə insanlara yox, bütün canlılara - heyvanlara, bitkilərə mutasion bir təsir yaradır. İnsanlarda daha çox xərçəng, qan xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Şikəst uşaqların doğulmasına səbəb ola bilir. Hiroşimo və Naqasakiyə atılan atom bombalarının indiyə qədər də fəsadları davam edir. Mutasiyalar, gen dəyişiklikləri, müxtəlif xəstəliklərin artması, bütün canlı təbiətin məhv olması deməkdir. Atom bombası partlayarkən bir neçə təsir radiusu yaranır. Zərbə dalğası, dağıdıcı olması təbii ki, bizim işimiz deyil. Amma bizi düşündürən onun radiosyon təsiridir. Bu da dediyim kimi, çox ciddi fəsadlara gətirib çıxarır, illərlə davam edir. Çünki orada işlənən radiaktiv maddələr torpaqda qalır, yer səthində olan hər şeyə, ağaclara hopur və radiasiya təsir edə bilir. Eyni zamanda qida maddələrinə təsir göstərə bilir. Bir sözlə, hərtərəfli ciddi fəsadlar törədə bilir”.
Radioloq qeyd edib ki, nüvə silahları regionda olan digər ölkələrə də təsirini göstərir: “Birmənalı şəkildə təsir edir. Bununla bağlı məqaləm də var. Ermənistanda ”Metsamor" atom elektrik stansiyası (AES) ilə bağlı idi, həmin AES-in qəza vəziyyətində olması və bunun ətrafında yaranan təhlükə barədə dünya ekspertləri yazmışdılar. Azərbaycandan da bununla bağlı kəşfiyyat aparan alimlər var idi. Yəni təhlükə hətta bizim sərhəd bölgələrinə belə, onlarla kilometr, bəzən hətta 100 kilometrə qədər radioaktiv maddələrin təsirinin yayılması müşahidə edilə bilər".
Ekoloq Telman Zeynalov da mövzu ilə bağlı fikirlərini bildirib: “Putinin bu təhdidi hədə-qorxuya bənzəyir. Rusiya Ukrayna ərazisini zəbt edəndə ilk növbədə atom elektrik stansiyalarını mühasirəyə alıb. Onlar bununla çirkin məqsədli insanların oradan istifadə edərək bomba düzəltməsinin qarışısını alırlar. Mən inanmıram ki, Rusiya o silahdan istifadə etsin. Söhbət ondan gedir ki, Rusiya belə addım atacaqsa, öz ərazisinə də təsir göstərəcək, qonşu ərazilərə mənfi təsir edəcək. Bütün ətraf mühit radiasiya ilə çirklənəcək, xərçəng xəstəlikləri artacaq”.