Bakı 14˚C Sunny

Bircə günə oxuya biləcəyiniz məşhur 10 roman

Maraqlı 12:00 13 may, 2022

Kitab oxumağa yeni başlayanlar üçün  

Bircə günə oxuya biləcəyiniz məşhur <span style="color:red">10 roman</span>

Kitab oxumaq bəzilərimiz üçün vərdişə çevrilsə də, bəzilərimiz elə düşünür ki, kitab oxumağa başlamaq dərin dənizdə üzmək qədər çətindir. Ətrafımda “kaş ki, maraqlı, uzun olmayan kitab olsaydı, darıxmadan oxuya biləydim” deyənlər var. Kitab oxumağa yeni başlayanlar ancaq seçim etməkdə çətinlik çəkənlər bu yazı sizlər üçündür.


Qazet.az həcmcə qısa, eyni zamanda maraqlı və məşhur romanları təqdim edir.

1. Frans Kafka - Çevrilmə
Frans Kafkanın 1915-ci ildə nəşr olunan “Metamarfoz” (Çevrilmə) novellası yazıçının ifadə sənətinin zirvəyə çatdığı əsəridir. Əsər şüurlu şəkildə üsyan edən fərdin faciəsindən bəhs edir. 

 İlk cümləsi - “Bir səhər Qreqor Zamza yuxudan oyananda özünü böcəyə çevrilmiş olaraq gördü". Azad və təbii həyat həsrətinin ifadəsini təsvir edən yazıçı nə demək istədiyini birbaşa açıqlamır. Halbuki insanlar üçün təbii həyat elə insan həyatıdır. İnsan kimi yaşamaq çox çətindir, ona görə də bundan xilas olmaq istəyi yaranır, heç olmasa uydurma səviyyədə... 
104 Səhifə


2. Con Steynbek - Siçanlar və adamlar
Con Steynbek ədəbiyyat üzrə Pulitzer və Nobel mükafatı laureatıdır. Dövrümüzün sosial və bəşəri problemlərini məharətlə təsvir etdiyi əsərləri müasir dünya ədəbiyyatının şah əsərlərindən hesab olunur. Əsərlərinə filmlər də çəkilib.  Steynbek romanlarında sadə və kəskin reallığı qələmə alır. Bu səbəbdən də onun əsərləri heç vaxt ədəbi dəyərini və aktuallığını itirməyib. 

Əsərdə Kaliforniyada böyük depressiya illərində fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından bəhs edir. Kiçik bir torpaq alıb insanpərvər həyat sürmək arzusunda olan bu iki insanın hekayəsində dostluq və həmrəylik mühüm yer tutur. Steynbek bu epik romanda təkcə insanın insanla münasibətindən deyil, həm də insanın təbiət və cəmiyyətlə münasibətindən bəhs edir. 
128 Səhifə

3. Antuan de Sent-Ekzüperi - Balaca şahzadə
Antuan de Sent-Ekzüuperi tərəfindən Nyu-Yorkda bir otel otağında yazılmış "Balaca Şahzadə" nəşr olunduğu gündən indiyə qədər milyonlarla insanın qəlbini fəth edən bir əsərdir. Planetində bitın yeganə çiçəklə yola gedə bilməyən, bir müddət uzaqlaşmağa qərar verən və səyahəti zamanı Yerin yanında dayanan şahzadə, Böyük Səhrada (ərəbcə -Sahara) bir pilotla qarşılaşır. Balaca şahzadə kimdir, niyə durmadan sual verir, niyə çiçəyi ilə yola getmir, getdiyi başqa planetlərdə kimlərlə görüşüb, nə öyrənib? Bu əsəri digər əsərlərdən fərqləndirən xüsusiyyət odur ki, kitab həm uşaqlar, həm də böyüklər üçün yazılıb. Əsər 180 dilə tərcümə olunub. Əsərin ən məşhur sitatlarına gəldikdə isə “Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil”. 
“Biz hamımız uşaqlıqdan gəlmişik”. Bütün böyüklər əvvəlcə uşaq idilər, yalnız bir neçəsi bunu xatırlayır”."Özümüzə alışdırdırımız hər kəsə cavabdehik".
112 Səhifə


4. Herman Hesse - Siddhartha
Mənim ən çox sediyim yazıçı, demək olar bütün əsərlərini oxuduğum müəllif Herman Hessedir. Hətta yazıçının “Yalquzaq” romanını oxuyarkən son səhifəyə keçməyə tərəddüd edirdim. Əsərin təsirindən aylarla çıxa bilməmişdim. Elə bilirdim ki, son səhifəni oxusam yaşaya bilmərəm. 
Yazıçının bu əsəri isə Birinci Dünya Müharibəsindən sonrakı illərdə insanların öz həyatlarını yenidən qurmağa səsləyən və Şərq mistizmini tərənnüm edən “Siddhartha” bir-birini əvəzləyən nəsillər  az qala “müqəddəs kitab” kimi oxunur. Siddharthada Buddanın həyatının ilk illərini poetik şəkildə təsvir edir. Hesse insanın öz mənliyini taparaq sivilizasiyanın qurulmuş saxta formalarından xilas olmaq cəhdini qələmə alır. Bu kitabda, o deyir, “mən bütün dinlər üçün, bütün bəşəri inanclar üçün ümumi olan, bütün milli düşüncələri aşan, bütün irqləri, bütün fərdləri əhatə edə bilən şeyi yaratmağa çalışmışam”. 

152 Səhifə


5. Fyodor Dostoyevski - Yeraltından qeydlər
“İnsanın ət və sümükdən olmağı bizə çox ağır gəlir. Biz bundan utanırıq, insan olmağı biabırçılıq hesab edirik, bənzərsiz sosial xalq olmağa can atırıq. Biz ölü doğulmuş insanlarıq və atalarımızın övladları deyilik, getdikcə bu şəkildə doğulmaq bizə xoş gəlir. Biz bundan həzz alırıq. Çox yaxın gələcəkdə biz mənasız düşüncələrdən çıxmağın bir yolunu tapacağıq”.

“Yeraltından qeydlər” Dostoyevskinin Qoqolun təsirindən xilas olmuş, öz səsi ilə qələmə aldığı ilk böyük əsəridir. Avropada böyük ekzistensial ədəbiyyatdan xəbər verən bir romandır. Kitab baş qəhrəmanın “yeraltı” adlandırdığı əhval-ruhiyyədən oxucusuna xitab edən uzun, çılğın nitqi ilə başlayır. Sonra bu əxlaqlı, vicdansız, namuslu insanın alçaldılması nəql olunur. 

160 Səhifə


6. Yohan Höte - Gənc Verterin iztirabları
Yazıldığı dövrdə oxuculara o qədər təsir etmişdi ki, Almaniyada əsər kütləvi  intiharlara səbəb olmuşdu. Bəlkə də dönəmin də təsiri də olmuşdur. Dünya ədəbiyyatının dahilərindən sayılan yazıçının əsərləri bu gün də sevilərək oxunur. Hətta Napoleon Bonapart bu əsəri düz 8 dəfə oxuyub. Əsərdə baş qəhrəman Şarlotta adlı gənc qadınla yaşadığı bədbəxt münasibətdən bəhs edir. Verterin geyindiyi mavi palto, sarı jilet və çəkmələri öz dövründə dəbə çerilmişdi. 


7. Corc Oruell - Heyvanıstan
Britaniyalı yazıçı Corc Oruell ölkəmizdə “1984” romanı ilə də tanınır. Heyvanıstan onun klassikə çevrilmiş başqa bir məşhur əsəridir. 1940-cı illərin “real sosializmi”ni tənqid edən bu roman dünya ədəbiyyatında satira şedevrlərindən biri hesab olunur. 

 Fermada yaşayan heyvanlar bir gün fermanı ələ keçirirlər. Onların məqsədi bərabərlik içində yaşayan bir cəmiyyət yaratmaqdır. Onlardan ən ağıllısı olan donuzlar sürətlə aparıcı komanda təşkil edir. Əsərdə daha zalım və amansız bir diktatura rejimi qurulub. Corc Oruell bu romanında bir tarixi faktı tənqid edir. Romanda aparıcı donuzun sadəcə Stalini simvolizə etdiyi aydındır. Balacaları əyləndirən roman olmaqla yanaşı, həm də siyasi satiradır.

160 Səhifə


8. Albert Kamü - Yad
Növbəti sevdiyim yazıçılar siyahısında olan, ekzistensializm cərəyanının mütəfəkkirlərindən sayılan Kamünün “Yad” əsəri (1913-1960) ən çox tanınan, xarici dilə ən çox tərcümə edilən, ən çox öyrənilən və hələ də ən çox satılan kitablardan biridir. Bu romanın baş qəhrəmanı, ölümün hakim olduğu, "varlığın” ən mənasız hadisələrini qələmə alır. Yad öz füsunkar gücünü daxilindəki faciə duyğusuna borcludur: qavranılması mümkün olmayan daimi məna axtarışı, şüurla sosial dünya arasındakı ziddiyyət... 
"Xoşbəxtlik heç nə gözləmədən dünyanı, insanları, haradasa və hər yerdə sevməkdir" deyir Kamü. 

119 Səhifə


9. Knut Hamsun - Aclıq
Knut Hamsunun “Aclıq” adlı əsərinə film də çəkilib. Bəzən roman əsasında çəkilən filmləri kitab “qurdlar”ı sevmir. Amma qeyd edim ki, roman qədər film də maraqlı çəkilib. Təbii ki, ağ-qara filmləri izləməyi sevirsinizsə əsəri oxuduqdan sonra filmi də izləməyi tövsiyə edirəm. Qeyd edim ki, yazıçı Azərbaycanda da olub. Onun “Nağıllar diyarında” adlı romanında Azərbaycanla bağlı xatirələri yer alıb. Gələk “Aclıq” romanına. 
Böyük Norveç yazıçısı Knut Hamsunun şəxsiyyətini və şöhrətini artıran ən böyük əsəri “Aclıq”dır. Tanınmış yazıçı olmaq ehtirası ilə alışıb-yanarkən bir yandan da aclıqla mübarizə aparan gəncin həqiqətən də təsirli hekayəsi olan bu kitab dünya ədəbiyyatının şah əsərləri sırasında xatırlanır. 

160 Səhifə

10. Cerom Selincer - Çovdarlıqda uçurumdan qoruyan
“Çovdarlıqda uçurumdan qoruyan” romanı Selincerin ilk və tək əsəridir. Yetkinlik dövründə üsyan edən birinin Miladdan əvvəl başına gələnlərdən bəhs edilir. Holden Kolfild günahsızlıq axtarışındadır. 

1993-cü ildə “Frenni və Zoi ilə doqquz hekayə” adlı kitabı işıq üzü görəndən sonra Selincer 1963-cü ildən bəri yeni bir əsər nəşr etməyib. Az qala əfsanəvi və məxfilik içində yaşamasına baxmayaraq, həmişə dünya ədəbiyyatı gündəmində yerini qoruyub saxlayan müəllifdir. Çox təsirli bir romandır.
 198 Səhifə

 

Hazırladı: Dəniz Pənahova