Bakı 15˚C Sunny

"Birliyimiz cəmiyyətimizdə həmişə qorunsun" - Fəxri Uğurlu

Eksklüziv 13:56 07 okt, 2021

İkinci Qarabağ savaşında artıq mütəşəkkil bir orduyla meydana girmişdik

"Birliyimiz cəmiyyətimizdə həmişə qorunsun" - <span style="color:red">Fəxri Uğurlu</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 34-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanlı jurnalist, yazıçı və nasir Fəxri Uğurlu 44 günlük Vətən müharibəsi və müharibə dövründə olan informasiya siyasətilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  Keçən il müharibə olacağını gözləyirdinizmi? Müharibənin ilk günün necə xatırlayırsınız?
–  Əməliyyatların başlayacağı ilə bağlı cəmiyyətdə söz-söhbət varıydı, amma şaiə şəklində dolaşırdı. Həm də son hadisələrdən sonra Polad Həşimovun, hərbçilərimizin xaincəsinə qətlindən, artıq biz əminiydik ki, cavab tədbirləri mütləq görüləcək. Generalı öldürürlər, onun cavabı mütləq verilməlidir. 27 sentyabr səhər bir dostum zəng vurdu, dedi bəs müharibə başlayır. Mən gecə səhərə kimi yatmamışdım, sonra yuxuya getdim. Bir də gördüm zəng vurdular ki, bəs əməliyyatlar başlayıb artıq savaş gedir. Bundan sonra biz həmin o 44 gün ərzində kompyuterin qabağında böyük həyəcanla gecə-gündüz vəziyyəti, əməliyyatların gedişini izlədik. Qalan şeylər də hər kəsə məlumdur.

 

–  Birinci və İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətimizin reaksiyasını və dövlətimizin vəziyyətini necə xatırlayırsınız?
–  Birinci Qarabağ savaşı zamanı dövlətimiz hələ təzə yaranmışdı. Daha doğrusu müharibənin girişində yaranmışdı, ona görə də o vaxt mütəşəkkil bir ordu yoxuydu, dağınıqlıq varıydı. Təbii ki, insanlarda döyüşmək həvəsi, gənclərdə qeyrət, namus varıydı və bu hisslər çox güclü idi. Amma təşkilatçılıq zəif idi. Təəsüf ki, bu da düşmənlə qarşıdurmada bizə çoxlu itkilər bahasına başa gəldi. Həmçinin o itkilər qarşılığında torpaqlarımızı da sonda itirdik. Amma şükürlər olsun ki, İkinci Qarabağ savaşında artıq mütəşəkkil bir orduyla meydana girmişdik. Əlbəttə oturuşmuş bir dövlət, mütəşəkkil ordu, mükəmməl texniki təminat, bunlar hamısı Azərbaycanın qələbə qazanmasına əsas verirdi. Fərq çox böyükdür, amma insanların vətən eşqi,  vətən təəsüfkeşliyi, o vaxt da indi də çox böyük idi.

 

–  Qarabağ savaşı sizcə xalqımıza necə təsir etdi?

–  İkinci Qarabağ savaşı zamanı cəmiyyətimizdə  qibtə olunası bir birlik gördüm. Yəni uşaqdan-böyüyə, oğlundan-qızına, iqtidarından-müxalifətinə kimi hamı bir yumruq kimi birləşdi və vətən müharibəsində ordumuza, dövlətə, əsgərimizə dəstək oldu. Bu mənə təxminən Tolstoyun “Hərb və Sülh” əsərini xatırladır. Tolstoy orada cəmiyyətdəki bütün ziddiyyətləri, düşmənçilikləri göstərir. Sonra isə müharibə zamanı hətta ən eqoist, belə deyək ki, o qədər də əxlaqdan pay almamış adamların belə vətən uğrunda, millət uğrunda özlərini, canlarını ölümə atmalarını təsvir edir. Əsərdə göstərir ki, vətən üçün cəmiyyətdəki hər kəs vahid orqanizm halında birləşir. Bizim 44 günlük haqq savaşımız zamanı xalqımız da uşağından-böyüyündən, sənətkarından tutmuş ən sıravi nəfərə qədər hamı bu məsələdə bir oldu, bir hədəfi vurdu, sözləri də, amalları da bir oldu. Bu mənim yadımda böyük bir örnək kimi qalıb. Arzu edirəm bu birliyimiz cəmiyyətimizdə həmişə qorunsun.

 

–  Müharibə zamanı informasiya siyasətini Ali Baş Komandan apardı. Bu isə ölkədə jurnalistikanın zəifliyi deməkdir. Bəs bundan sonra informasiya siyasətimiz necə olmalıdır?

–  Bilirsiniz, müharibə zamanı informasiya siyasətini Prezidentin, Ali Baş Komandanın aparmağı əslində təbiidir. Müharibə elə bir situasiyadır ki, orada informasiya pərakəndəliyinə yol vermək olmaz. Orada hər şey bir əldən, bir ağızdan eşidilsə yaxşıdır. Amma ümumi götürəndə cəmiyyətimizdə informasiya siyasətinin inkişafından desək qətiyyən arzuolunan səviyyədə deyil. Bu məsələ çox böyük bir mövzudur və bu gərək ayrıca danışılsın. Cəmiyyətimizdə reklam bazarı son dərəcə zəifdir. Ölkədə iqtisadi rəqabət arzuolunan səviyyədə deyil. Yəni bunlar olmadan mətbuatın rifahı, mətbuatın maddi bazası da ola bilməz, maddi baza olmadıqdan sonra mətbuatın azadlığı da olmur. Arzu edirəm ki, bu məsələlərə yenidən baxılsın. Ümumiyyətlə biz gözləyirik ki, bu böyük qələbədən sonra cəmiyyətimizdə, həyatımızda bir çox şeylər dəyişəcək. Təəsüf ki, o dəyişikliklər hələki arzuolunan səviyyədə deyil. Mən şəxsən bunu görmürəm, xüsusən də mətbuat sahəsində. Amma çox yaxşı olardı ki, bu məsələlərə dövlət tərəfindən baxılsın, müəyyən tədbirlər görülsün. Mütləq mətbuatın iqtisadi azadlığı olmalıdır. Bu azadlıq olmasa, mətbuatın heç bir azadlığından danışıla bilməz.
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.