Bakı 8˚C Sunny

"Biz artıq başı uca gəzirik" - Tahir İmanov

Eksklüziv 19:52 28 okt, 2021

Nə qədər yaşayırıqsa, sonuna kimi ordumuza, qazilərimizə, şəhidlərimizə borcluyuq

"Biz artıq başı uca gəzirik" - <span style="color:red">Tahir İmanov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 13-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın əməkdar artisti Tahir İmanov Vətən müharibəsi zamanı keçirdiyi hisslər və müharibənin bizə qazandırdıqları haqda Qazet.az-a müsahibəsində danışıb.

 

–  İkinci Qarabağ müharibəsi Tahir İmanov üçün hansı mənanı daşıyır?
–  Birinci Qarabağ müharibəsi mənim üçün hansı mənanı daşıyırısa, İkinci Qarabağ müharibəsi də eyni mənanı daşıyır. Ərazi bütövlüyümüzün bərpa edilməsidir, torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. Qarabağa, Şuşaya və digər rayonlarımıza qayıtmağımızdır. Mənim üçün İkinci Qarabağ müharibəsi bu deməkdir. Mən heç bir müharibəni bölmürəm, hər iki müharibənin şahidi olmuşam. Birinci Qarabağ müharibəsi cavanlıq dövrümə təsadüf etdi. Çox təəssüf ki, o müharibədə iştirak edə bilməmişəm. Çünki mən həmin zaman digər cəbhədə mübarizə aparırdım.


–  Sizcə Birinci Qarabağ müharibəsi zamanı yaşanan ağrı, acının ədalətini İkinci Qarabağ müharibəsində bərpa edə bildikmi?
–  Təbii ki, ən əsası qisasımızı almışıq. Xocalı soyqırımının qisasını aldıq, Azərbaycan xalqına qarşı edilən ədalətsizliyi bərpa etdik və bir daha bütün dünyaya sübut etdik ki, biz torpaqlarda yaşamağa layiqik. Qarabağ bizim tarixi, dədə-baba yurdumuzdur və heç kim bizə istiqamət göstərə bilməzdi ki, “bunu etməyin, bunu edin”, deyə. Ali Baş Komandan, ordumuz və Azərbaycan xalqı hər bir şeyi yaxşı bilir. Burada tək bir nüans var ki, tarixi haqq-ədalətin bərpa olunması. Mən düşünürəm ki, biz buna nail olduq və gələcəkdə də bundan da böyük işlərimiz var.

Tahir İmanov - Şuşa 

–  Tahir İmanovun 30 il yaddaşında qalan Şuşayla, yeni Şuşa arasında hansısa fərqliliklər varmı? Şuşaya verilən mədəniyyət paytaxtı adına necə baxırsınız?
–  Çox sevindim: Şuşanın mədəniyyət paytaxtı seçilməsi əsli-kökü şuşalı vətəndaş olaraq məni qürurlandırdı. 

Mən deyərdim ki, heç bir fərqi yoxdur. Eyni Şuşamızdır, eyni sütunlu, əsli-köklü, qürurlu Şuşamızdır. Sadəcə baxımsız qalıb. Sadəcə mənfur düşmənlərimizin əlində məğrur Şuşamız qalmışdı. Düşünək ki, insan baxımsız olduqda necə olur?! Bax Şuşa da elə baxımsız qalmışdı. Amma şükürlər olsun ki, Şuşamız öz evinə qayıdıb. Şuşanın əsil sahiblər öz el-obalarına qayıdıb və Şuşa dirçəlir.

 

–  Qarabağın azadlığı ilə Azərbaycan xalqı yenidən canlandı. Bəs qazanılan qələbə Azərbaycan xalqına başqa nələr bəxş etdi?

–  Bu qələbə bütün Azərbaycan xalqını böyük bir orduya çevirdi. Bütün küsülülər barışdı, bütün problemlər bir an içində həll olundu, unuduldu. Neçə illərin düşmənləri qardaş oldu. Cəmiyyət birləşdi, əsas məsələ budur. Azərbaycan xalqında bu gün böyük birlik var və bu birlik heç vaxt olmamışdı. 

Bəzən mən Birinci Qarabağ müharibəsini yada salıram. Məhz müharibəni də uduzmağımızın tək səbəbi var idi ki, o da həmin dövrdə birlik yox idi. Xalq Cəbhəsi dövründə xalqımız sadəcə bölünmüşdü. Məmurların sayı qədər dəstələr var idi. Heç kim ölkə başçısına tabe olmurdu. Elə ölkə başçısının özü də səriştəsiz insan idi. Nə dövlətçilikdən, nə də idarəçilikdən başı çıxmırdı. Bir sözlə, ölkə baxımsız qalmışdı və bunun nəticəsində də biz müharibəni uduzduq. Amma bu dəfə birliyimiz bizə bir çox şeyləri bəxş etdi. Ən əsası isə Qarabağ müharibəsninin qələbəsini. Məhz millətimizin birliyi başımızı uca etdi. Biz bu günləri Azərbaycan xalqı olaraq başı uca gəzirik. 

Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bu insanlara biz həyatımızın sonuna kimi borcluyuq. Nəinki biz, gələcək nəsillər də. Düzdür, gələcək nəsillər bütün bu olanları kitablardan, filmlərdən öyrənəcəklər. Əgər nə vaxtsa bu müsahibə onlara çatsa, nə vaxtsa bu müsahibəni oxuyarlarsa, onlar mənim sözlərimi unutmasınlar. Biz Azərbaycan xalqı olaraq nə qədər yaşayırıqsa, sonuna kimi ordumuza, qazilərimizə, şəhidlərimizə borcluyuq.

 

–  Böyük Zəfər günü sizin yaddışınızda necə qalıb? 
–  Bilirsiniz, bir sirr açım sizə: Heç vaxt təssəvür edə bilməzdim ki, biz bu müharibədə qələbəni belə tez əldə edəcəyik. Heç vaxt təsəvvürümə gətirə bilməzdim ki, 44 gün ərzində o böyüklükdə ərazini azad edə biləcəyik. Mən nədənsə fikirləşirdim ki, bunu edə bilməyimiz üçün bizə ən azı 1 il vaxt lazımdır. Düşünə bilməzdim ki, ordumuz köhnə hərbi taktikalarla torpaqlarımızı azad edəcək. Amma hər şey başqa cür oldu və dünyanın ən peşəkar orduları sırasında olan Azərbaycan ordusu çox qısa bir zamanda müharibəni bitirdi, qələbə qazandı. 10 noyabr tarixində bu xəbəri duyduqda mən inana bilmirdim ki, biz qələbə qazandıq. Sevincimin həddi-hüdüdu yox idi. Həmin gün bilmirdim ağlayım yoxsa gülüm. Otuzillik mübarizənin hər bir anı, hər bir günü gözümün önündən keçdi. Çünki bu mübarizə tək ön cəbhədə deyildi. Müxtəlif siyasi arenalarda mübarizələr aparılırdı. İlk növbədə bununla bağlı ümumilli liderimiz Heydər Əliyevin dedikləri yadıma düşdü. Ali Baş Komandan İlham Əliyevin səbrli görüşləri yadıma düşdü.  İnanın mənə düşmənlə danışıqlar aparmaq çox çətin məsələdir. Hər bir siyasətçi bu haqda danışır, amma inanın ki, heç kim özünü belə səbrli apara bilməzdi. Ölkə başçısı və dövlətimiz bu prossesi layiqincə apardı, bunun əsasında da sübut etdik ki, biz bu məsələni sülh yolu ilə həll edə bilməsək də, hərb yolu ilə həll edə bilərik və həll etdik. Məhz həmin gün, qələbə xəbərini aldıqda bütün bu 27 il ərzində apardığımız hər bir mübarizə, hər bir azərbaycanlının apardığı mübarizə gözümün önündən keçdi. Allaha çoxlu, çoxlu şükürlər etdim. Şükürlər etdim ki, mənə, ailəmə, əzizlərimə, bütün Azərbaycan xalqına bu sevincli günü görməyi nəsib etdi. Çünki neçə-neçə nəsillər bunu görmək istəsə də görə bilmədi, amma bizlər xoşbəxt günü gördük və yaşadıq. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.