Bakı 18˚C Sunny

"Biz müharibədə 44 günə qalib gəlməmişik, 19 il hazırlaşmışıq" - Bəhram Bağırzadə

Eksklüziv 13:12 13 okt, 2021

“Mənim üçün qələbə Azərbaycan xalqının dünyanın ən savadlı insanları arasında olmasıdır”

"Biz müharibədə 44 günə qalib gəlməmişik, 19 il hazırlaşmışıq" - Bəhram Bağırzadə

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 28-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın əməkdar artisti, məhşur aktyor və KVN yarışmasında “Əsrin çempionu” olmuş Bəhram Bağırzadə 44 günlük Vətən müharibəsində keçirdiyi hissləri və qələbəyə baxışıyla bağlı Qazet.az-a müsahibə verib.

 

–  Keçən il 27 sentyabr tarixində müharibənin olacağını gözləyirdinizmi?
–  Mən müharibəni 27 ildir gözləyirdim. Kimsə düşünürdüsə, artıq torpaqlar geri qaytarılmayacaq, amma mən elə düşünmürdüm, çünki mən mübariz insanam. Savaşmağı, mübarizə aparmağı sevən insanam. Əgər bunlar olmasaydı, bəlkə də mən MDB ölkələri arasında 4 dəfə çempion olmazdım. Eləcə də buna inanırdım. İnanırdım ki, Ali Baş Komandan bizim müharibəyə hazırlaşır. Çünki müdrik kişi 100 dəfə ölçüb biçir sonra başlayır işini görməyə. Hansısa insanlar var ki, oturub boş-boş danışır, amma heç nə edə bilmir. Mənim o kişidən xoşum gəlir ki, susur və vaxtı zamanı gələndə sözünü deyir. Mən özüm də elə biriyəm. Bir işi görmək üçün çox düşünürəm, hazırlaşıram sonra son nəticəni göstərirəm. Rus dilində belə bir anlayış var: “İnsanlara maraqlı deyil sən nə edirsən. Maraqlıdır ki, nə etmisən”. Bir sözlə, sonuncu nöqtə.
Çoxları deyir ki, 44 günə müharibənin qalibi. Xeyir, bununla razılaşmıram. 44 günə bizə müharibədə qalib gəlməmişik, 19 il ərzində Ali Baş Komandan bu müharibəyə hazırlaşıb. 44 gün müharibəyə qalib gəlmək üçün, deməli 19 il hazırlaşmaq lazımdır. Həm siyasi, həm iqtisadi, həm şüur, həm dözümlülük, həm hərbi güc baxımdan. Hacı Zeynalabdin Tağıyevin məhşur bir portreti var. Deməli, bir rus rəssamı gəlir Bakıya, digər milyonçuların həyat yoldaşlarının, uşaqlarının portretini çəkir. Bir gün vaxt gəlir, Hacıya  deyir ki, “bəs, Hacı gəl sənin də rəsmini çəkim”. Hacı deyir, “yox mənim vaxtım yoxdur. Oturub portret çəkdirməyə vaxtım yoxdur, istəmirəm”. Rəssam deyir, “iki saatdır, nolar”. Sonra Hacı 2 saata razılaşır. Rəssam hacının portretini 2 saat ərzində çəkib bitirir. Hacı rəssama sual verir ki, “bunun qiyməti neçiyədir?”. Rəssam dönüb deyir, “2000 qızıl”. Hacı deyir, “dəli olmusan? 2 saat işləmisən 2000 qızıl istiyirsən?”. Rəssam da deyir ki, “Hacı, mən bu 2 saatlıq işi işləmək üçün Sankt Peterburqdan bura gəlmişəm və 28 ildir öz üzərimdə işləyirəm ki, gəlib sənin portretini çəkəcəm. Bunun arxasında 28 illik əziyyət var”. Həmçinin əsrin çempionu olmaq üçün KVN-də biz düz 9 il ora getdik, həmin müddətdə öz üzərimizdə işlədik ki, əsrin çempionu olaq. Ali Baş Komandan da 2003-cü ildən, bəlkə də ondanda öncə buna hazırlanırdı. Qarşısına məqsəd qoymuşdu və bunun üçün çalışıb qələbəni qazandırdı. Heyf o kişilərin halına ki, əllərini salmışdılar, düşünürdülər ki, Qarabağ qayıtmayacaq.

Sizə daha bir əhvalat da danışım. Deməli, xristiyan kişiləri gəlirlər ki, bu il məhsul yığa bilməyəcəyik, çünki yağış yağmır, quraqlıqdır, biz nə edək? Keşiş deyir ki, bütün kəndin kişilərini toplayıb kilsəyə gəlin, Allaha dua edək, o da bizə yağış göndərsin, bu quraqlıq bitsin. Bazar günü kişilərin hamısı toplaşır, gəlir. Onların arasında bir dənə uşaq olur, əlində çətir tutur. Bax, həmin uşaq mənəm.
Belə ki, gəlir kilsəyə inanır ki, dua edəcək, yağış yağacaq, ona görə hər dəfə əlində çətir gətirir. Bax buna görə də, hər dəfə inanmaq lazımdır. Yenə qayıdıram, Ali Baş Komandan qələbəyə inanırdı və həmin o çətirlə həmişə bizə sübut edirdi.

 

–  Birinci və İkinci Qarabağ müharibəsi haqqında hansı fikirləri söyləyə bilərsiniz?

–  Xatırladım ki, Birinci Qarabağ müharibəsi zamanı mən uşağıydım. Atam cəbhədəydi. Hər gün atamın yolunu gözləyirdik və çox narahatıydıq. Atam polkovnikiydi, döyüşdə olurdu, gələndə yorğun olurdu. Ondan sonra isə KVN-də mənim öz mübarizəm başladı. Məqsədimiz o idi ki, çempion olacağıq və erməniləri məğlub edəcəyik. Qalib gəldik, özü də 2 dəfə.

İkinci Qarabağ müharibəsində isə çox istəyirdim ki, döyüşlərdə iştirak edim. Əfsuslar olsun ki, həmin vaxtda dünyamı dəyişmişdim. 20 gün koma vəziyyətində, sonra 92 gün nəzarətə salınma oldu. Demək olar ki, şikəst adamıydım, əlimə nəinki avtomat, tapança belə götürə bilməzdim. Amma baxmayaraq ki, yataqdaydım həmin zaman qollarım işləməsə də, barmaqlarım işləyirdi. Öz müharibəmi sosial şəbəkələrdə aparırdım. İnformasiya blokadası, müəyyən videorolikləri yaradırdıq. Buna görə ömrümün sonuna kimi ürəyimdə yara qalacaq. Ona görə ki, niyə mən iştirak edə bilmədim?! Həmişə də qəlbimdə şəhid olan, qazilərimiz, döyüşdə iştirak edən igidlərimiz olacaq və onları heç bir zaman unutmayacam. Hər dəfə də atam, anam üçün necə dua edirəmsə, onlar üçün də edəcəm.

 

–  Bəhram bəy, siz 60-a qədər uşaq ədəbiyyatına aid kitabların müəllifisiniz. Sizcə, “Qarabağ zəfəri” bu istiqamətdə necə təbliğ olunmalıdır? Sizin bununla bağlı öz layihələriniz varmı?
–  Bəli, mən bundan sonra ömrümü ancaq uşaqlara həsr etmək istəyirəm. Bu il ərzində istəyirəm, kitablarımın sayını 100-ə çatdırım. Düzdür, kitablar hazırdır, amma bir çox yaradıcı insanların yaşadığı sponsor problemi var ki, həmin problemlə də mən qarşılaşıram. Dünyada bəlkə də ikinci bir məmləkət yoxdur ki, yaradıcı insanlar sponsorun qapısını döyürlər ki, xahiş edirəm bəs mənə dəstək verin bunu edim. Amma xaricdə belə deyil, sponsor yaradıcı insanın arxasınca düşür, amma bizdə bilinəndir ki, belə deyil. 
Digər tərəfdən ən böyük problem odur ki, bizdə kitab almırlar. Kitab almaq mədəniyyəti ölüb. Bu yaxınlarda mənə sual verdilər ki, , “Bəhram müəllim niyə?”. Dedim, “xanım, siz sonuncu dəfə övladınıza nə vaxt kitab almısınız?”.   Dedi, “keçən həftə”, dedim “bax, siz keçən həftə öz övladınız üçün kitab almısınız, çünki sizin də ananız sizə alıb, nənəniz də vaxtilə ananız üçün kitab alıb”. Amma digər analar var ki, dünyaya uşaqlarını gətirirlər, popkorn alırlar, uşaq nə istəyir alırlar, amma kitab almırlar. Biz bu milli kitab alma mədəniyyətimizi Azərbaycana geri qaytara bilsək, bax, o zaman bizdə bu tərz problemlər olmaz. 2000-ci illərdən sonra olan uşaqlarda oxuma həvəsi var, buna yaxınlarda keçirilən kitab sərgisində şahid oldum. Amma heç kim məndən inciməsin, 1990-cı illərdə olan uşaqlarda oxuma həvəsi yoxdur. Ümid edirəm ki, biz bu mədəniyyətimizi də qaytaracağıq. Çünki Azərbaycan xalqı çox ağıllı və istedadlı xalqdır. 
Artıq qələbəmizlə bağlı yaradıcılığımda işlər görürəm. Mənim hər kitabımda qələbəmiz var. Mən bunu bayaq qeyd etdim, əsil müharibə indi başlayır. 44 gün qalib gəldik, torpaqlarımızı qaytardıq, amma ən böyük müharibə indi başlayır. Bir insan öz təhsili, istedadı, çalışmasıyla nəsə edə bilər. 
Oğlum Ankarada cərrah olmaq istəyir. Mən ona həmişə deyirəm ki, “Cavid, ən güclü vətənpərvər, vətəni sevən kimdir bilirsən?”. O insan ki, Ankarda oxuyur, 60 tələbənin içində ən yaxşı oxuyan özü olmaldır. Azərbaycana qayıdanda isə ən güclü cərrahlardan olmalıdır. Bax bu da onun mübarizəsidir, müharibəsidir. Hər bir azərbaycanlı bunu düşünsə, onda biz 20-30 il önə gedəcəyik və hər dəfə qalib gələcəyik. Azərbaycan istənilən sahədə qələbə qazanacaq, bircə futboldan başqa. (gülür)

 

–  Rusiyada dəfələrcə KVN-də ermənilərlə mübarizə aparıb, məğlub etmisiniz. Bəs o zamanlar siz özünüzü məğlub edilmiş, sınıq hiss edirdinizmi?
–  Onu heç vaxt göstərməmişik, göstərə bilməzdik. Onu azda olsa göstərsəydik, biz orada müflisləşib, uduzardıq. Biz artıq səhnəyə çıxmamışdan öncə onlara qalib gəlirdik. Tək erməni yox, mənim üçün heç vaxt erməni bir göstərici olmayıb. Ermənini mən onsuz da udmalıydım. Erməni kimdir ki, orada onlardan da güclü komandalar olub. Mən digər güclü komandalarla mübarizə aparırdım. Yeravan mənim üçün uşaq-muşaqdı. Həmişə məqsəd qoymuşam ki, məndən güclüsünə qalib gəlim. Ermənistanın komandası da güclü olub, amma biz qalib gəlmişik, çünki öz üzərimizdə işləyirdik.

 

–  Qalib ölkənin vətəndaşı olmaq necə hissdir?
–  Mən heç vaxt məğlubiyyət hiss etməmişəm. Həmişə qalib olmuşam, bundan sonra da qalib olacam. Hətta uşaq vaxtı şahmat oyanayanda partiyanı verirdim. Atam gəlib soruşurdu ki. “Bəhram nə oldu? Uduzdun?”. Deyirdim “ yox ata uduzmamışam, məni uddular”.  Ona görə də, mən heç vaxt deməmişəm uduzdum, deyirəm məni uddular. Bir sözlə məni bu gün uddular, sabah mən udacam, çempion olacam. Şahmat bir oyundur və bu normaldır. Həyatda da bu normaldır, sadəcə insan mübariz olmaldır və məsuliyyət daşımalıdır. Anton Pavloviç Çexov deyirdi ki, “İnsan məsuliyyət daşıyan şəxsdir”. Hər dəfə edilən hər şeydə məsuliyyət daşımalısan.

 

–  44 günlük zəfər tariximiz zamanı ən yadda qalan xatirəniz nə olub?
–  Yadda qalan deməzdim, ən ağırı atamın qələbəni görməməsidir. Çünki Atam bir tərəfi Qarabağlıdır, Şuşadandır. O, müharibədə iştirak etmişdi. Ora da qayıtmaq istəyirdi, görmək istəyirdi. Anam gördü, amma atam görə bilmədi. Ona görə eybi yoxdur. Çünki mən həmişə onlarla nəfəs almışam. İndi də atamla, anamla nəfəs alıram. Keçən dəfə başqa bir jurnalist sual verdi ki, “o dünyaya köçəndən sonra ilk xahişiniz nə olacaq?”. Dedim “valideyinlərimlə görüşmək. Onlara deyim, ata, ana mən sizin üzünüzü qara çıxarmadım”.

 

–  Şuşanın azadlığını duyduğunuz gün hansı hissləri keçirdiniz?
–  Mən şuşalı olmasam da buna sevinəcəkdim. İstər bakılı olum, istər şamaxılı olum, yenə də buna sevinəcəkdim. 
(O anda Bəhram müəllimin telefonun zəngli saatı çalır. Telefona baxıb təəssüf hissilə deyir, “Dərmanımın vaxtıdır. Gündə 8 dənə dərman içirəm. Sizcə gündə 8 dənə dərman içən adam müharibəyə gedə bilərdi? Nəysə”. Söhbətinə qaldığı yerdən davam edir.)
Mən qələbəni hiss etmişəm, amma yenə də deyirəm mənim üçün qələbə Azərbaycan xalqının dünyanın ən savadlı insanları arasında olmasıdır. Bax, o zaman deyərəm ki, biz qalibik. Bu gün Qarabağda bərpa işləri gedir, orada gedən işləri düzgün etsələr, bax, o zaman mən özümü tam qalib sayacam. Amma hələ də qalib saya bilmirəm. Çünki aramızda cahillər, savadsızlar, oğrular, banditlər var. Hansı ki, dövlət tərəfindən onlara işlər havalə edilir, amma onlar oğurluqla məşğul olurlar. Cəmiyyətimizdə belə insanlar olduqca, mən özümü qalib hiss etmirəm. Mən istəyirəm ki, onlar şüurlu insanlar olsunlar. Dövlət məmuru ona tapşırılan işi düzgün görməlidir, onun edəcəyi yalnışlıq bizim əleyhimizədir. Ona görə də istəyirəm, cəmiyyətimizdə şüurlu insanlar formalaşsın, o zaman qalib hiss edərəm. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.